BDU-da beynəlxalq elmi-praktik konfrans öz işinə başladı

29/04/2010

Aprelin 29-da Bakı Dövlət Universitetinin və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş «Hüquq elminin müasir problemləri» mövzusunda 2-ci beynəlxalq elmi-praktik konfrans keçirilib. 10-dan çox dövlətin 200-ə yaxın nümayəndəsinin iştirakı ilə başlayan konfrans iştirakçıları öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Tədbir işini universitetin böyük akt zalında davam etdirib. Açılış nitqi söyləyən rektor, akademik Abel Məhərrəmov bildirib ki, bu günlərdə Azərbaycan xalqı tarixi anlar yaşamaqdadır. Çünki bütün dövlət strukturlarında, ali təhsil ocaqlarında ulu öndərin anadan olmasının növbəti ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir: «Biz Bakı Dövlət Universiteti olaraq artıq BDU-da bir sıra tədbirlərə start vermişik. Buraya elmi-praktik konfranslar, müxtəlif idman yarışları və s. daxildir. Mən hər zaman dediyim bir fikri konfrans iştirakçılarının diqqətinə çatdırmaq istəyirəm. O xalq xoşbəxtdir ki, onun ümummilli lideri var. Biz isə həm də ona görə xoşbəxtik ki, ümummilli liderimizin siyasi kursu bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir». Rektor, eyni zamanda, hüquq elminin tarixi, inkişaf mərhələləri, bu günü haqqında məlumat verərək qloballaşma dövründə bu elmin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bütün kəşflərin əsasında hüquq elminin dayandığını söyləyən rektor Avropaya, Avroatlatikaya inteqrasiyadan, hazırda dünyada innovasiyalara, yeni texnologiyalara daha çox vəsait ayrılmasından bəhs edərək, elmin sürətlə inkişaf etdiyini, nəticədə əlaqələrin genişləndiyini, bunun isə yeni hüquqi bazaya tələbatı artırdığını xüsusi vurğulayıb. Deyib ki, elmi biliklərlə hüquqi təhsil arasında vəhdət olmalıdır. Bu baxımdan konfrans həm elmi, həm də təhsil müstəvisində mühüm əhəmiyyət kəsb edir.

Qafqaz Universitetinin rektoru, professor.dr Ahmet Sanıç konfransın əhəmiyyətindən danışıb. Azərbaycanda hüquq elminin, təhsilinin sürətli inkişafından danışan rektor, eyni zamanda, hüquq sistemi quruculuğundan bəhs edib, bu konfransın isə aktual hüquq problemlərinin həllində mühüm əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb.

Daha sonra vitse-spiker Ziyafət Əsgərov, Təhsil nazirinin müavini İradə Hüseynova, Türkiyənin Qazi Universitetinin rektoru Rza Ayhan, MSK sədri Məzahir Pənahov, Ombudsman Elmira Süleymanova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Türkiyə  Respublikası Konstitusiya Məhkəməsinin hakimi Sacit Adalı, Türkiyə Respublikası Ali Məhkəməsinin hakimi Uğur Sayın, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin direktoru Fuad  Cavadov, Türkiyə Respublikası Ədliyyə Nazirliyinin Qanunlar İdarəsinin rəisi, dr.Yusuf Solmaz Balo çıxış ediblər.

Sonda rektor, akademik Abel Məhərrəmov konfransda iştirak edən dövlətin ali struktur rəhbərlərinə, hüquq ictimaiyyətinin böyük ziyalılarına, millət vəkillərinə təşəkkür edib.

Konfrans işini bölmələrdə davam etdirib.

Qeyd edək ki, «Hüquq elminin müasir problemləri» konfransı aprelin 30-da Qafqaz Universitetində müxtəlif bölmələrdə dinlənilən məruzələrlə işini başa vuracaq.

Mətbuat xidməti

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024