BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş elmi seminar

27/04/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda Sənəd menecmenti kafedrasının müəllimi Əliyusif Məmmədov “Əqli mülkiyyətə dair sənəd-informasiya resusları” adlı məruzə ilə çıxış edib.

Məruzəçi əvvəlcə əqli mülkiyyət anlayışını şərh edib, ölkəmizin Ümumdünya Əqli Mülkiyyət Təşkilatında, müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində beynəlxalq konvensiya və müqavilələrdə fəal iştirakından, eyni zamanda bu sahədə dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin səmərəli fəaliyyətindən bəhs edib. Tədqiqatçı əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi haqqında ətraflı məlumat verib, bu sahənin hüquqi bazasının formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəsna xidmətlərini diqqətə çatdırıb.

Məruzədə əqli mülkiyyət hüquqlarının təminatı, piratçılıqla mübarizə, əmtəə nişanları, müəlliflik hüquqları və əlaqəli hüquqların pozulmasına görə məsuliyyət, əqli mülkiyyətin beynəlxalq səviyyədə qorunması kimi məsələlər şərh olunub, əqli mülkiyyətə dair sənəd-informasiya resursları təhlil edilib.

Tədqiqatçı həmçinin bu istiqamətdə BDU-da həyata keçirilən işlərdən bəhs edib. Bildirib ki, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin tərkibində Əqli mülkiyyətin qorunması şöbəsi yaradılıb. Şöbənin fəaliyyəti BDU-nun intellektual mülkiyyətinin qorunmasını təmin etmək, ixtiraçılıq, patent-lisenziya, tətbiqi elmi-tədqiqat işlərinin və işləmələrin perspektiv və cari planlarını hazırlamaq, ixtiraçılara və tədqiqatçılara ixtiraların tərtibində və müəlliflik hüququnun qorunmasında yardımçı olmaq, əməkdaşların və tələbələrin əqli mülkiyyətin qorunmasının hüquqi aspektləri üzrə təlimlərinə təşkilati dəstək vermək kimi vacib istiqamətləri əhatə edir. Məruzədə Universitetin İnformasiya və sənəd menecmenti fakültəsində müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında fənnlərin tədris olunduğu, fakültə əməkdaşları tərəfindən bu sahə üzrə monoqrafiya, dərs vəsaiti və elmi məqalələrin hazırlandığı, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr tərəfindən həmin mövzuları əhatə edən buraxılış işləri və dissertasiyaların müdafiə olunduğu da vurğulanıb.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib
10/12/2024

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub
10/12/2024

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi
10/12/2024