BDU-da Beynəlxalq Yer Günü qeyd olunub

22/04/2026

Bakı Dövlət Universitetində (BDU) 22 aprel – Beynəlxalq Yer Günü münasibətilə “BDU könüllüləri” təşkilatının Geologiya, Ekologiya və torpaqşünaslıq, Coğrafiya fakültələri üzrə üzvlərinin təşəbbüsü ilə maarifləndirici tədbir keçirilib.

Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Yer kürəsinin formalaşmasının tarixi inkişaf mərhələlərindən bəhs edib. O, planetimizin yaranma prosesi, ilkin geoloji mərhələlər və zamanla baş verən dəyişikliklər barədə ətraflı məlumat verərək, bu biliklərin müasir elmi tədqiqatlar və təbii proseslərin anlaşılması baxımından əhəmiyyətini vurğulayıb. Professor qeyd edib ki, Yer haqqında fundamental biliklərin artırılması ekoloji problemlərin düzgün dəyərləndirilməsi üçün vacibdir.

BDU-nun Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev Yer kürəsinin daxili quruluşu, onun əsas təbəqələri – nüvə, mantiya və Yer qabığı haqqında geniş izahat verib. O, Yer təkində baş verən tektonik proseslər, zəlzələlər, vulkanizm və bu proseslərin insan həyatına təsiri barədə danışıb, geoloji proseslərin düzgün öyrənilməsinin risklərin azaldılması və təbii fəlakətlərin idarə olunmasında rolunu xüsusi qeyd edib.

Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi Şahnaz Amanova isə çıxışında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci bəndi – “Dayanıqlı şəhərlər və icmalar” mövzusuna toxunub. O, urbanizasiya şəraitində ətraf mühitin qorunması, torpaq resurslarının səmərəli idarə olunması və dayanıqlı şəhər planlaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində iqlim dəyişikliyi, torpaqların deqradasiyası, biomüxtəlifliyin azalması və təbii ehtiyatlardan səmərəli istifadə kimi aktual mövzular ətrafında müzakirələr aparılıb, iştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilib.

Proqramın interaktiv hissəsində intellektual yarış keçirilib. Yarışın qalibləri mükafatlandırılıb, fəal iştirakçılara təşəkkürnamələr təqdim olunub.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
14/06/2026

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026