BDU-da Bilik günü keçirilib

15/09/2010

Bu gün Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını Bilik günü münasibətilə təbrik edib. Akademik Abel Məhərrəmov deyib ki, Bakı Dövlət Universiteti gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək olmuş və bu gün də örnək olaraq qalmaqdadır. Azərbaycan elminin çoxəsrlik inkişafı tarixində XX əsrin xüsusi yer tutduğunu söyləyən rektor Abel Məhərrəmov qeyd edib ki, bu əsrin əvvəllərində yaranan Bakı Dövlət Universitetinin bazası əsasında Azərbaycanın milli-maarif və təhsil sistemi formalaşmış, elmi mərkəzlər yaranmış, dünya şöhrətli alimlər yetişmiş, Milli Elmlər Akademiyası, onlarla müxtəlif ixtisaslar öyrədən ali və orta məktəblərin əsası qoyulmuşdur. Tələbələrin Azərbaycan və dünya elminin nailiyyətlərini yüksək səviyyədə mənimsəməklə hərtərəfli dünyagörüşünə malik yaradıcı, milli mənlik şüuru yüksək olan vətəndaş kimi yetişmələrinin əhəmiyyətinə toxunan akademik Abel Məhərrəmov söyləyib ki, mükəmməl təhsil görmüş, dərin bilikli, yüksək ixtisaslı, bir neçə dil bilən, müstəqil düşünməyi bacaran kadrlar olmadan real dövlət quruculuğundan, milli iqtisadiyyatın yaradılmasından danışmaq olmaz. Bu il ali təhsil ocağına daxil olan tələbələrin azad, müstəqil, firavan Azərbaycanın tarixi ənənələri olan bir təhsil və elm ocağına qədəm qoyduğunu deyən rektor Abel Məhərrəmov hakimiyyətinin bütün mərhələlərində məzunu olduğu universitetə ehtiramla yanaşan, onun bütün yubileylərində iştirak etməklə yanaşı, maddi-texniki bazasının inkişaf etdirilməsinə diqqət göstərən alimlərini, müəllimlərini daim qayğı ilə əhatə edən, «Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir», deyərək, onu milli-dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsi hesab edən ulu öndərimizin məzunu olduğu elm ocağına qədəm qoyduqlarını qeyd edib. Rektor bildirib ki, möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunan universitetimizdə mükəmməl kadrların yetişdirilməsi, formalaşması üçün bütün imkanlar var. Universitetin yeni tədris korpusunun, məhz, möhtərəm Prezidentimizin qayğısı, maddi və mənəvi dəstəyi ilə tikilib-istifadəyə verilməsi, onun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalaması və yubileydə iştirakı, məzmunlu nitqi bir daha sübut edir ki, universitet dövlətin və dövlətçiliyin keşiyində dayandığı kimi, dövlət də bu qocaman təhsil ocağının arxasındadır. Rektor bu il universitetə 3500-ə yaxın tələbənin qəbul olunduğunu, respublika üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin təxminən 300 nəfərinin universiteti seçdiyini söyləyib. Deyib ki, 9 sentyabr 2010-cu il tarixdə dövlət başçısı İlham Əliyevin 2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncamına əsasən 102 nəfər bu təqaüdlə təmin olunacaq ki, onların əksəriyyəti Bakı Dövlət Universitetinin tələbələridir. Çıxış edən Coğrafiya fakültəsinin dekanı, professor Müseyib Müseyibov tədbir iştirakçılarını salamlayıb, ali məktəbə daxil olmuş tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra 695 balla Tətbiqi riyaziyyat və kibernetika fakültəsiə daxil olmuş Aysel Bəşirli tələbələr adından çıxış edərək bundan sonra da valideyn və müəllimlərin etimadlarını doğruldacaqlarını, universiteti müəvvəfəqiyyətlə bitirmək üçün çalışacaqlırını bildirib. Birinci kurs tələbələrinin valideynləri adından çıxış edən Vaqif Hüseynov onları universitetdə yaradılmış yüksək şəraitdən yararlanaraq yüksək biliyə, elmə yiyələnməyə səsləyib. Sonda rektor, akademik Abel Məhərrəmov yüksək bal toplayan gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukleti təqdim edib, onları bir daha təbrik edərək birlikdə xatirə şəkili çəkdirib.

Mətbuat informasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024