BDU-da Bilik Günü qeyd olunub

15/09/2026

Bakı Dövlət Universitetində (BDU) 15 sentyabr - Bilik Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin orkestrinin ifasında Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU rektoru Elçin Babayev yeni tədris ili münasibətilə müəllim və tələbələri, valideynləri təbrik edib, onlara uğurlar arzulayıb. Rektor qeyd edib ki, 107 illik tarixə malik BDU ölkəmizdə elmə, təhsilə, intellektual inkişafa böyük töhfələr verib. 16 fakültə, 114 kafedra, 25 mindən artıq tələbə və 3000 minə yaxın heyətə malik olan Bakı Dövlət Universitetinin əsas gücü onun elmi məktəblərində, ənənələrində, müəllimlərində, tələbə və məzunlarındadır: “Hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə öz inkişafının ən parlaq mərhələsini yaşayır, iqtisadiyyatımız gündən-günə güclənir, Qarabağda, Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirirlir. Bakı Dövlət Universiteti ölkəmizin əsas ali məktəbi kimi güclü elmə, müasir təhsilə, rəqabət qabiliyyətinə malik insan kapitalının yetişdirilməsi missiyasını uğurla yerinə yetirir. Ümummilli Lider Heydər Əliyevin məzunu olduğu BDU-da təhsil almaq böyük şərəf və  məsuliyyətdir. Əminəm ki, siz BDU tələbəsi adını qürurla daşıyacaq, ölkəmiz üçün layiqli vətəndaşlar, peşəkar kadrlar kimi yetişəcəksiniz”.

Rektor xatırladıb ki, bu il BDU-ya 5000-ə yaxın tələbə qəbul olunub. Onlardan 500 nəfərə yaxını 600-dən yuxarı bal toplayıb.

Milli Məclis (MM) sədrinin müavini, akademik Rafael Hüseynov bildirib ki, 1919-cu ildə yaradılan Bakı Dövlət Universiteti istiqalımızın, dövlət müstəqilliyimizin ilk meyvəsi idi. Akademik BDU-nun Azərbaycan ali təhsil sistemində xüsusi mövqeyə malik olduğunu, universitet həyatının gənclərin inkişafında önəmli rol oynadığını vurğulayıb: “Universitetə gələn yol birdir. Hər gün eyni qapıdan keçirsiniz, gəlirsiniz, gələcəksiniz və bu, illər boyu davam edəcək. Amma universitetdən ayrılan yollar saysızdır. O yollar Azərbaycana uzanır, dünyaya uzanır. BDU-da təhsil alan gənclərin əsas vəzifəsi əldə etdikləri bilik və bacarıqlarla Azərbaycan xalqına, ölkəmizin gələcəyinə, milli istiqlalımızın daha da möhkəmlənməsinə xidmət etməkdir”.

MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev tələbələri, professor-müəllim heyətini və valideynləri Bilik Günü münasibətilə təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb. O, İctimai Nəzarət Şurasının tələbələrin müraciətlərinə və suallarına hər zaman açıq olduğunu bildirib.
2026/2027-ci tədris ilində bakalavr pilləsi üzrə BDU-nun “Hüquqşünaslıq” ixtisasına (tədris ingilis dilində) ən yüksək - 688.7 balla daxil olan tələbəsi Ayan Musayeva bunun onun üçün böyük qürur və fəxr olduğunu bildirib, yeni tədris ilinin bütün tələbələr üçün uğurlu olmasını arzulayıb.

Tədbir BDU-nun himninin səsləndirilməsi ilə başa çatıb.

 

 

 

 

 

Xəbərlər

BDU-da yeni tədris ili başlayıb

BDU-da yeni tədris ili başlayıb
15/09/2026

BDU-da Bilik Günü qeyd olunub

BDU-da Bilik Günü qeyd olunub
15/09/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü
15/09/2026