BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib

17/05/2024

Bakı Dövlət Universitetində (BDU) 18 may – Beynəlxalq Muzeylər Günü və görkəmli şair, dramaturq, rejissor, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 125 illik yubileyi münasibətilə “Cəfər Cabbarlı – 125” adlı sərgi-konfrans keçirilib. BDU-nun SABAH Mərkəzi, Cəfər Cabbarlının ev-muzeyi və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda ölkənin bir sıra aparıcı təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, müəllim və tələbə heyəti iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Cəfər Cabbarlının ev-muzeyinin ekspozisiyası və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan Cəfər Cabbarlının şəxsi arxivi əsasında hazırlanmış “Cəfər Cabbarlı – 125” adlı eksponat, əlyazma və kitablardan ibarət səyyar sərgi ilə tanış olublar.

Sərgi ilə tanışlıqdan sonra “Cəfər Cabbarlının yaradıcılığının tədqiq və təbliği arxiv və muzey materialları əsasında” mövzusunda dəyirmi masa öz işinə başlayıb.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfzadə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdirləri, filologiya elmləri doktorları, professorlar Tahirə Məmməd və Rəhim Əliyev, həmin institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva və Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy görkəmli şair və dramaturq Cəfər Cabbarlının çoxşaxəli yaradıcılığından, onun dövrünün ziyalıları ilə yazışmalarından, yaradıcılıq münasibətlərindən bəhs edib, dramaturqun bugünkü dövrümüzlə səsləşən, aktuallığını itirməyən pyeslərindən misallar çəkib, o cümlədən Əlyazmalar İnstitutunda yazıçının şəxsi arxivinə dair qorunub saxlanan materiallardan nümunələr göstəriblər.

BDU-nun SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova, Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova, BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova və Cəfər Cabbarlının ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı çıxışlarında dahi sənətkarın Azərbaycan ədəbiyyatındakı müstəsna rolundan bəhs edib, konfransın təşkil olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, bu cür mötəbər tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbir çərçivəsində Cəfər Cabbarlının ev-muzeyinin hazırladığı, görkəmli dramaturqun həyat və yaradıcılığını özündə əks etdirən “Cəfər Cabbarlı – 125” adlı videoçarx nümayiş olunub.

Sonda sərgi-konfrans iştirakçılarına və təşkilatçılara Cəfər Cabbarlının ev-muzeyinin “Fəxri fərman”ları təqdim olunub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024