BDU-da “Cənubi Azərbaycanda ana dilimizin problemləri” mövzusunda müzakirələr aparılıb

21/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Cənubi Azərbaycanda ana dilimizin problemləri” mövzusunda dəyirmi masa keçirilib.

BDU-nun rektoru Elçin Babayev əlamətdar gün münasibətilə iştirakçıları təbrik edərək, müasir dünyanın dil mənzərəsindən, Azərbaycan dilinin keçdiyi inkişaf yolundan, regional statusundan, milli dil və dövlət dili kimi keşməkeşli taleyindən, dilimizin xarici təsirlərə qarşı müqavimət dərəcəsinin kifayət qədər güclü olmasından söz açıb, dövlət müstəqilliyinin bərpasından sonra Ulu öndər Heydər Əliyev və onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən dil quruculuğundan bəhs edib. Bildirib ki, Azərbaycan dili türk dilləri ailəsində özünəməxsus yeri, dərin kökləri, böyük ənənəsi olan çox zəngin bir dildir. Dünyanın qədim tarixə malik dillərindən olan Azərbaycan dili minillərin sərt sınaqlarından keçərək xalqımızın ən böyük milli dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışına toxunan rektor onu da vurğulayıb ki, ana dilimizə göstərilən dövlət qayğısının miqyası artıq ölkə sərhədlərini aşıb. Azərbaycan Prezidenti təkcə ölkəmizdə deyil, dünyada yaşayan azərbaycanlıların ana dili məsələsini diqqət mərkəzində saxlayır və bu barədəki narahatlıqlarını çıxışlarında tez-tez bəyan edir.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov Cənubi Azərbaycanda dil siyasəti, xalq danışıq dili, ədəbi dil və norma məsələləri haqqında ətraflı məlumat verib, ötən yüzillikdə milli düşüncəli ziyalıların ana dilimizin təbliği və öyrənilməsinə verdikləri töhfələrin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Məruzəçi bildirib ki, İranda əsrlər boyunca Azərbaycan dili dövlət tərəfindən mühafizə olunmasa da, ana dilimizdə mükəmməl klassik əsərlər yaranıb. Ona görə də Cənubi Azərbaycanda  ana dilimizin hər hansı şəkildə qadağan olunması onun inkişafını ləngidə bilər, ancaq heç cür dayandıra bilməz.

Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədlinin “Güney Azərbaycan: ədəbi dil, koyne dialekt, yoxsa hibrid dil” adlı məruzəsində Azərbaycan ədəbi dilinin cənub qolu ətrafında gedən müzakirələrdən söz açılıb.

Tədbirin moderatoru - Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Beynəlxalq Ana Dili Gününün tarixi əhəmiyyətindən, dünya dillərinin müasir vəziyyətindən, inkişaf etmiş ölkələrin və beynəlxalq təşkilatların həyata keçirdikləri dil siyasətindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinin ünsiyyət coğrafiyasından, o cümlədən cənubi azərbaycanlıların dil problemindən danışıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024