BDU-da COP modeli simulyasiya konfransı: “Qlobal iqlim maliyyələşməsi: ədalətli və davamlı həllər”
Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu- Avrasiya Regional Mərkəzi və “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə “Qlobal iqlim maliyyələşməsi: ədalətli və davamlı həllər” mövzusunda COP modeli simulyasiya konfransı keçirilib.
BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov açılış nitqində ölkəmizin bu ilin noyabrın 11-dən 22-dək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirə ev sahibliyi etməsinin önəmindən və ekoloji hərəkatın tarixindən bəhs edib. O bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional, qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Bu, həm də Azərbaycanın qlobal problemlərin həllində göstərdiyi fəal səylərə verilən dəyərdir. 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə ətraf mühitə və ekoloji problemlərin həllinə verilən önəmin daha bir göstəricisidir.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu - Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov isə Mərkəzin həyata keçirdiyi layihələr və tələbələr üçün yaratdığı imkanlar haqqında danışıb.
Daha sonra BDU rektorunun rəqəmsallaşdırma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova, Gənclər və İdman Nazirliyinin Gənclər siyasəti şöbəsinin müdir müavini Ülviyyə Axundova, Gənclər Fondunun Daxili nəzarət və monitorinq şöbəsinin müdiri Pərviz Mirələmli və BDU-nun Dünya iqtisadiyyatı kafedrasının müdiri Fərid Babayev çıxışlarında konfransın iştirakçılarına uğurlar arzulayıblar.
Model konfrans çərçivəsində fərqli ölkə nümayəndələrini təmsil edən tələbələr mövzu üzrə çıxışlar ediblər. İştirakçılar COP29-un nəticələri ilə bağlı daha ətraflı məlumat əldə etmək, beynəlxalq münasibətlərin təhlili və praktiki istifadəsi ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Simulyasiya konfransının iştirakçıları təmsil etdikləri ölkələrin mövqeyinə uyğun olaraq qətnamə yazılması prosesində iştirak ediblər. Sonda nümayəndələrin səs çoxluğu əsasında qlobal iqlim maliyyələşməsi ilə bağlı qətnamə qəbul edilib.
Konfransın sonunda fərqlənən gənclər millət vəkili Naqif Həmzəyevin iştirakı ilə təltif olunub.