BDU-da “Diplomatın nitqi” layihəsi keçirilib

19/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Diplomatın nitqi” layihəsi təşkil edilib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin elmi işlər üzrə dekan müavini Qalib Qafarlı qeyd edib ki, belə təşəbbüslər gənclərin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. “Diplomatın nitqi” kimi layihələr tələbələrin analitik düşünmə qabiliyyətini inkişaf etdirir, onların beynəlxalq münasibətlər sistemində baş verən proseslərə daha dərindən yanaşmasına şərait yaradır. O, xüsusilə müasir dövrdə diplomatik ünsiyyətin düzgün qurulmasının vacibliyindən söz açaraq, bu kimi strateji bacarıqların dövlətlərin mövqeyinin beynəlxalq arenada effektiv şəkildə təqdim olunmasında həlledici amillərdən biri olduğunu deyib.

BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Vəliyulla Cəfərov diplomat nitqinin mahiyyəti və onun formalaşma prinsipləri barədə geniş məlumat verib. O bildirib ki, diplomatik nitq yalnız rəsmi çıxış və ya ünsiyyət forması deyil, eyni zamanda dövlətlərin xarici siyasət prioritetlərini ifadə edən incə və strateji vasitədir. Diplomatın nitqi həm məzmun, həm də üslub baxımından yüksək dəqiqlik tələb edir və burada hər bir ifadə beynəlxalq münasibətlərdə konkret nəticələrə təsir göstərə bilər. Vətən müharibəsinə qədər, müharibə zamanı və postmüharibə mərhələsində Azərbaycanın apardığı diplomatik danışıqlarda düzgün və ölçülüb-biçilmiş nitqin rolu xüsusilə aydın şəkildə özünü göstərib: “Bu proseslər göstərdi ki, diplomatik nitq yalnız informasiya ötürmək vasitəsi deyil, həm də milli maraqların müdafiəsində və beynəlxalq ictimai rəydə mövqenin formalaşdırılmasında mühüm strateji alətdir”.

Qarabağ Universitetinin baş müəllimi Nahidə Həsənova tələbələri ilə birlikdə bu layihədə iştirak etdiyini və belə təşəbbüslərin beynəlxalq münasibətlər sistemini öyrənən tələbələr üçün zəngin təcrübə mənbəyi olduğunu qeyd edib, təşkilatçılara təşəkkürünü bildirib.

Daha sonra təlim sessiyası başlayıb. Təlimçilər Hüseyn Bağırov, Bahar Hüseyn, Eldar Zəfərov və Aytən Qurbanova diplomatiyada nitq mədəniyyəti və peşəkar ünsiyyət mövzularında çıxış ediblər. Təlim zamanı iştirakçılara natiqliyin əsasları, çıxışın düzgün strukturlaşdırılması, fikrin aydın və ardıcıl ifadə olunması, auditoriya ilə effektiv kommunikasiya qurulması barədə geniş məlumat verilib. Diplomatiyada bədən dilinin rolu xüsusi vurğulanaraq jest, mimika və davranış mədəniyyətinin diplomatik mesajın təsir gücünü artırdığı qeyd olunub. Təlimçilər “diplomatiyada sözün gücü” mövzusuna da toxunaraq, ölçülü və balanslı ifadə tərzinin beynəlxalq münasibətlərdə yanlış anlaşılmaların qarşısını aldığını bildiriblər. Diplomatik çıxışlarda rast gəlinən əsas səhvlər – emosional ifrat, qeyri-dəqiq ifadələr və struktur pozuntuları barədə ətraflı izahlar verilib və onların praktik nəticələri nümunələrlə izah olunub.

Sessiya zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb və diplomatiya sahəsində inkişaf imkanları müzakirə edilib.

Xəbərlər

BDU 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

BDU 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir
19/05/2026

BDU-da “Diplomatın nitqi” layihəsi keçirilib

BDU-da “Diplomatın nitqi” layihəsi keçirilib
19/05/2026

Bakı Dövlət Universiteti WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təmsil olunur

Bakı Dövlət Universiteti WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təmsil olunur
18/05/2026