BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı

07/05/2024

Bakı Dövlət Universitetində (BDU) Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun "Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimat mərasimi keçirilib.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, həyatının başlıca amalı Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi olan dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyev bütün mənalı ömrünü bu məqsədə nail olunmasına həsr edib. Müasir Azərbaycanın memarı olan Ümummilli Liderin böyük dühası, fitri istedadı, parlaq zəkası sayəsində xalqımız müstəqillik dövründə böyük nailiyyətlər qazanıb. Onun ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazılıb. Bu illərdə ölkəmiz sosial-iqtisadi inkişafa nail olub, müstəqil dövlətin hüquqi-siyasi əsasları formalaşdırılıb, ordu quruculuğu sahəsində mühüm addımlar atılıb, azərbaycançılıq məfkurəsi milli ideologiya səviyyəsinə yüksəlib. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndər tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə və qətiyyətlə həyata keçirərək, ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirib. Prezident İlham Əliyev ata vəsiyyətini, onun xalqımızın işğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı ən ülvi, müqəddəs arzusunu şərəflə yerinə yetirib.

Rektor bildirib ki, Bakı Dövlət Universitetinin kollektivi də bütün xalqımız kimi, Ulu Öndərin əziz xatirəsini böyük hörmət, ehtiram və sevgi ilə yad edir. Bu qocaman təhsil ocağında çalışan hər bir alim, tədqiqatçı, müəllim, tələbə Ümummilli Lider Heydər Əliyevin zəngin və tükənməz irsinin tədqiqi və təbliğini özünün ən ali məqsədlərindən biri hesab edir.

BDU rektoru diqqətə çatdırıb ki, Milli Məclisin komitə sədri Sadiq Qurbanovun “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabı müstəqil dövlətimizin Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq və dövlətçilik ideyalarının işığında keçdiyi inkişaf yolu və əldə olunmuş uğurlu nəticələrin əsaslı şəkildə təhlili əsasında yazılmış əhəmiyyətli əsərdir. “Heydər Əliyevin Azərbaycan xalqına ən böyük töhfəsi - uğurlu siyasi varisi, qalib sərkərdə İlham Əliyev” məqaləsi kitabda qeyd olunan mövzuların ümumiləşdirilmiş nəticəsi kimi qiymətləndirilməlidir: “Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Kitabda Ulu Öndərin siyasətinin fəlsəfi mahiyyəti, iqtisadi, siyasi, mədəni quruculuq və milli ideologiyanın formalaşması sahəsində misilsiz xidmətləri ətraflı təhlil olunur, həmçinin dahi liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, birinci xanım Mehriban Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi xoşməramlı missiyasından geniş bəhs olunur. Monoqrafiya Ümummilli Liderin zəngin irsinin öyrənilməsi istiqamətində əhəmiyyətli rol oynayacaq”.

BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Milli Məclisin üzvləri Pərvin Kərimzadə və İltizam Yusifov, Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, Azərbaycan tarixi (humanitar fənlər üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev çıxışlarında bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi vacibdir. “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabı da bu baxımdan böyük elmi, siyasi və mənəvi dəyərə malikdir.

Sonda kitabın müəllifi, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov kitabın təqdimatına şərait yaradıldığına görə BDU rəhbərliyinə təşəkkür edib və tədqiqat əsərinin yazılma zərurətindən danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev fenomeni nəinki Azərbaycanda, bütün dünyada özünə layiqli yer tutub. Azərbaycanın indiki uğurlarının təməlində məhz Ulu Öndər Heydər Əliyevin dövlətçilik və azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiya xalqın rifahına, milli kimlik şüurunun oyanmasına xidmət edir. Heydər Əliyev şəxsiyyətinin öyrənilməsi ilə Azərbaycanın dövlət olaraq necə yüksək inkişaf yolu keçdiyini bilmək olur.

Qeyd edək ki, 4 fəsildən ibarət kitab BDU Elmi Şurasının qərarı ilə çap olunub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024