BDU-da DSpace platformasının tətbiq imkanlarına həsr olunmuş elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Tədqiqat və akademik məzmunun idarə olunmasında DSpace platformasının tətbiq imkanları: ADA Universiteti Kitabxanasının təcrübəsi əsasında” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Əzizə Cəbiyeva məruzə ilə çıxış edib. Məruzə zamanı DSpace akademik platformasının əsas funksiyaları və üstünlükləri, akademik məzmunun açıq elmi mühitdə paylaşılması və müəllif hüquqlarının qorunması məsələləri diqqətə çatdırılıb.
Əzizə Cəbiyeva ADA Universiteti Kitabxanasının təcrübəsinə əsaslanaraq DSpace platformasının tətbiqi ilə bağlı layihələrdən və rəqəmsal elmi resursların qorunması mexanizmlərindən bəhs edib. O bildirib ki, platforma vasitəsilə müəllim və tələbələrin elmi işləri elektron mühitdə saxlanılır və açıq elmi mübadiləyə təqdim olunur. Məruzədə həmçinin DSpace-in texniki imkanları, informasiya təhlükəsizliyi və ali təhsil müəssisələrində tətbiq perspektivləri barədə məlumat verilib.
Seminarda, həmçinin, DSpace platformasının ali təhsil müəssisələrində tətbiqi perspektivləri, informasiya təhlükəsizliyi, intellektual mülkiyyət hüquqlarının qorunması və beynəlxalq əməkdaşlıq imkanları kimi məsələlər də müzakirə olunub.

_2.png)
