BDU-da Dövlət Müstəqilliyinin 21-ci ildönümü qeyd edilib
Bu gün Bakı Dövlət Universitetində Dövlət Müstəqilliyinin 21-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov deyib ki, Azərbaycan xalqı əsrlər boyu azadlığa qovuşmaq, müstəqil dövlət qurmaq uğrunda daim mübarizə aparıb, yalnız ötən əsrin sonlarında yenidən bu arzusuna çatıb. Ümummilli lider Heydər Əliyev müdrik lider kimi xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurub, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürüb. «Biz xoşbəxt xalqıq ki, ümummilli liderimiz var. Xalq o vaxt daha da xoşbəxtdir ki, ümummilli liderin siyasi kursu ölkədə uğurla davam edir», - deyən rektor Azərbaycanın qonşu ölkələrə nisbətən xeyli çətin iqtisadi və siyasi problemlərlə müstəqilliyə qovuşmasından, Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsindən, müstəqil və inkişaf edən dövlət kimi dünyanın diqqət mərkəzində olmasından, təhsil, elm, idman və mədəniyyətdə qazanılan uğurlardan danışıb, bütün bu nailiyyətlərdə prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.
Sonra çıxış üçün söz Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova verilib. O, bildirib ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir: “1993-95-ci illərdə dövlətçiliyə qarşı bir neçə dəfə qəsd edildi. Amma Heydər Əliyev siyasi təcrübəsindən istifadə edərək bu və sonrakı qəsdlərin qarşısını aldı”. Ə.Həsənov qeyd edib ki, yenidən belə qəsd planlarının olmayacağına arxayınlaşmaq olmaz: “Azərbaycan çox inkişaf edib, dünyada tanınıb, dövlətlər arasında öz layiqli yerini tutub. Bu çox güclü qısqanclığın yaranmasına səbəb olub. Bu normaldır, amma qəsd cəhdlərinin yaranmasına səbəb ola bilər”.
Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı və jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Şamil Vəliyevin də çıxışları maraqla qarşılanıb.
Mətbuat və İnformasiya şöbəsi, 17 oktyabr 2012-ci il.