BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib
Bakı Dövlət Universitetində (BDU) 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, dövlət müstəqilliyi hər bir xalqın milli varlığının, siyasi iradəsinin və müstəqil gələcəyinin əsas təməllərindən biridir. Dövlət Suverenliyi Günü dövlətçilik əzmimizin, ərazi bütövlüyümüzün və suveren hüquqlarımızın tam təmin olunmasının təntənəsidir. Artıq üçüncü ildir ki, qalib xalq olaraq Dövlət Suverenliyi Gününü böyük qürur hissi ilə qeyd edirik: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyi təmin edildi, dövlət suverenliyimiz tam bərpa olundu. Suverenliyimizin arxasında böyük mübarizə və şərəfli tarixi yol dayanır. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” xalqımızın dövlət müstəqilliyini hüquqi baxımdan bərpa etdi. Lakin müstəqilliyimizin ilk illərində torpaqlarımızın işğalı dövlətimizin suveren hüquqlarını bütün ərazisində tam həyata keçirməsinə imkan vermirdi. Azərbaycan dövləti və xalqı bu vəziyyətlə heç zaman barışmadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi tariximizin dönüş nöqtəsinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tarixi missiyanı yerinə yetirərək işğal altındakı torpaqlarımızın böyük hissəsini azad etdi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal antiterror tədbirləri isə bu tarixi prosesi tamamladı. Azərbaycan Respublikasının bütün ərazisində dövlətimizin konstitusion quruluşu və suverenliyi tam təmin edildi. Bu tarixi nailiyyət dövlət başçımızın qəti siyasi iradəsinin, xalqımızın birliyinin və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsidir”.
Rektor bildirib ki, Azərbaycanın qazandığı tarixi nəticələr regionda yeni siyasi reallıqlar yaradıb, sülh və əməkdaşlıq üçün yeni imkanlar açıb: “2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni paraflandı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birgə Bəyannamə imzaladılar. Bu sənədlərdə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsas prinsip kimi müəyyən edildi. Eyni zamanda, regionda sülhün, sabitliyin və qarşılıqlı bağlantıların inkişaf etdirilməsinin əhəmiyyəti təsbit olundu. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə müraciətindən sonra ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanması barədə qərarın qəbul edilməsi də yeni reallığın mühüm göstəricilərindən biri oldu. Azərbaycan bu gün öz milli maraqlarını və dövlətçilik prinsiplərini qətiyyətlə qoruyan güclü dövlətdir. Azərbaycan öz suveren hüquqlarına sahibdir və gələcəyini müstəqil şəkildə müəyyən edir. Suverenlik yalnız dövlət sərhədlərinin qorunması deyil, həm də güclü elm, yüksək təhsil və milli düşüncə deməkdir. Müasir texnologiyalar, rəqabətqabiliyyətli iqtisadiyyat və xalqına, dövlətinə bağlı gənc nəsil də güclü suverenliyin əsas dayaqlarıdır”.
Milli Məclisin üzvləri Hikmət Babaoğlu, Nigar Məmmədova, Vətən müharibəsi iştirakçısı, “Qarabağ” ordenli xüsusi təyinatlı, polkovnik Rəşad Aslanov, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının müəllimi Rafiq İbrahimov çıxışlarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın beynəlxalq aləmdə yeni reallıqlar yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Dövlət Suverenliyi Gününün təsis olunması tarixi Qələbəmizin rəsmiləşdirilməsi və möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizin regionda və dünyada mövqeyini daha da möhkəmləndirib. Hazırda ölkəmiz genişmiqyaslı quruculuq və inkişaf mərhələsindədir.
Tədbirin sonunda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin Dövlət Suverenliyi Günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə hazırladığı konsert proqramı nümayiş olunub.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)

