BDU-da “Elm günləri”nə start verilib

11/03/2022

Prezident mükafatçısı BDU-da “Dərin öyrənmə metodları” adlı ustad dərsi keçib.

Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində silsilə elmi seminarlar başlayıb.

2022-ci ildə elm sahəsində Prezident mükafatçısı olan Əliqənbər Xəlillinin bu gün Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Dərin öyrənmə metodları” adlı ustad dərsi keçib. Ustad dərsində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri iştirak edib.

Əliqənbər Xəlilli mühazirəsində “Turing maşını və hesablamanın riyazi modelləşdirilməsi”, “Turing paradoksu”, “Riyaziyyat elmi ilə kompüter elminin ələqələndirilməsi”, “Abstraksiya nədir?”, “Alqoritmlər və verilənlər strukturu”, “İnsan beyninə qarşı kompüter hesablaması”, “Dərin öyrənmə metodları və bütün danışılan mövzuların məntiqi əlaqəsi” mövzuları üzrə geniş məlumat verib.

Əliqənbər Xəlilli məruzədə həmçinin “Ehtiyaclardan ideyaya qədər maşınların öyrənilməsi”, “Kompüter hesablamalarının funksiyaları, determinizm, ehtimal nəzəriyyəsi, turinq maşını”, “Turinq maşınının riyazi hesablama modeli”, “Qeyts məntiqi”, “Kainat haqqında təsəvvürümüz: məntiq, qeyri-səlis məntiq və ikili məntiq haqqında mülahizələr”, “Hesablama prosesi- verilənlər toplusundan yeni məlumat çıxarmaq üçün istifadə olunan dəqiq addımların ardıcıllığı”, “Alqoritmlər və məlumat strukturları”, “Adaptiv hesablamada ehtimal və optimallaşdırma” və “Dərin öyrənmədə köhnə üsullar, siqnal prosesi, təkrarlanan arxitekturalar, generativ modellər və Q-öyrənmə” haqqında danışıb.
Əliqənbər Xəlilli eyni zamanada uğur qazanmaq üçün şəxsi təcrübəsini bölüşüb, peşəkar mütəxəssis olmağın sirlərindən danışıb, tələbələrə tövsiyələrini verib.

Qeyd edək ki, Əliqənbər Xəlilli 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat təşkilatçılığı ilə keçirilmiş IGF-2012 beynəlxalq forumunda İT həllərin verilməsində iştirak edib. 2013-2015-ci illər ərzində bir sıra mühüm dövlət və özəl müəssisələrin IT layihələrini uğurla həyata keçirib. 2015-ci ildə Azərbaycanlı alim Lütfi Zadənin “2-ci tip qeyri-səlis məntiq nəzəriyyəsi” üzrə araşdırmalarını ictimaiyyətə təqdim edib.

O, 2016-cı ildən dünyaca məşhur kompüter elmləri bloqlarında faydalı kontentin yaradılmasına və inkişafına dəstək verir. 2017-ci ildən Massaçusets Texnologiya İnstitutu, Stanford, Berkeley universitetlərinin süni intellekt sahəsi üzrə proqramlarını uğurla bitirərək, bir çox sertifikatlara layiq görülüb. 2019-cu ildə isə Gürcüstanda keçirilən “Data Science 2019” konfransında Azərbaycanı təmsil edib. 2019-2021-ci illərdə Amerikada keçirilən “Compiler Writing”, “Raft Implementation”, “Structure and Interpretation of Computer Programs” təlimlərində uğurla iştirak edib. Bu təlimlərin nəticəsində qazanılmış bilikləri tətbiq edərək, telekommunikasiya protokollarından biri olan “Diameter” protokolunu “Python” proqramlaşdırma dilində yazıb.

Əliqənbər Xəlilli bu təlimlərdən qazandığı biliklər əsasında “Azercell” akademiyasında süni zəka sahəsi üzrə təlimçi olub. 2017-ci ildə İrlandiyanın Dublin şəhərində keçirilmiş telekommunikasiya təlimində aktiv iştirak edib, 2018-ci ildən etibarən şəxsi bloqunda süni zəka, alqoritmlər, verilənlər strukturu üzrə elmi-praktiki həllərin analizini cəmiyyətə çatdırır. 2019-cu ildən etibarən dünya üzrə məşhur süni intellekt kitabxanası olan “Tensorflow”nun açıq qaynaq kodlarına öz töhfəsini verməkdədir.

Əliqənbər Xəlillinin Vətən müharibəsi dövründə rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyətli təminatında xüsusi xidmətləri olub.

O, hazırda ABŞ-ın “TopTal” şirkəti ilə əməkdaşlıq edir. 2022-ci il 2 fevral tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024