BDU-da Elm Gününə həsr olunmuş tədbir keçirilib

29/03/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) 27 mart - Elm Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən dövlət tədbirləri barədə məlumat verib. E.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamının elmin inkişafı və təbliğinə göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulayıb. Rektor çıxışında Elm Gününün təsis edilməsi, Azərbaycanda elmə verilən yüksək dəyər, BDU-da aparılan elmi-tədqiqatların istiqamətləri barədə məlumat verib, elmin inkişafında gənclərin üzərinə düşən mühüm vəzifələrdən söz açıb. Təhsil sahəsində elmi tədqiqat və innovasiyaların artırılmasının prioritet məqsədlərindən biri olduğuna diqqət çəkib.
BDU-nun təşkil etdiyi elmi tədbirlərdə Universitetin sıx əlaqələr saxladığı Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, eyni zamanda BDU-nun Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyinin tələbə və şagirdlərinin iştirak etdiyini bildirib.
Sonra elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov “Sabahın alimləri” X respublika müsabiqəsinin qalibləri barədə məlumat verib. Bildirib ki, müsabiqədə Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdləri 21 layihə ilə iştirak etmək hüququ qazanıb. Münsiflər heyətinin qərarına görə, müxtəlif kateqoriyalar üzrə 12 layihə qaliblər sırasına seçilib. Liseyin X sinif şagirdləri Tamilla Süleymanova və Rəfsan Həbibullayevin biologiya istiqamətində “Ximer RNT-lər və zülallar” və X sinif şagirdi Əli Əkbərzadənin Kompüter elmləri istiqamətində “Tədrisdə virtual laboratoriyanın yaradlması və onun tətbiqi” adlı layihələri birinci yeri qazanaraq, Amerika Birləşmiş Ştatlarında təşkil olunacaq İntel İSEF - Beynəlxalq Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək hüququ əldə ediblər.
Daha sonra “Sabahın alimləri” X respublika müsabiqəsinin qaliblərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
AMEA-nın müxbir üzvü, BDU rektorunun elm və innovasiyalar üzrə müşaviri, professor Aydın Kazımzadə “Elmin təhsilə inteqrasiyası” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycanda elmin inkişafına göstərilən diqqət və qayğıdan, ölkəmizdə ali təhsil məktəblərinin flaqmanı olan Bakı Dövlət Universitetinin intellektual nəslin formalaşmasındakı rolundan bəhs edib, elmin təhsilə inteqrasiyası barədə fikirlərini bölüşüb, bu sahədə BDU-da görülən işlərdən bəhs edib.
Clarivate Analitycs Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov Web of Science məlumatları əsasında Bakı Dövlət Universitetində elmi nailiyyətlər” mövzusunda təqdimatla çıxış edib. BDU alimlərinin son 20 ildə 3131, 2016-2021-ci illərdə 1609, 2020-ci ildə isə 393 məqaləsinin Web of Science bazasında indekslənən jurnallarda çap olunduğunu bildirib. Bu nəticələrə əsasən BDU-nun Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşdığını deyib.
Daha sonra 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “İlin alimi” müsabiqəsinin yekunları haqqında məlumat verən rektor E.Babayev müsabiqənin məqsədinin BDU-nun il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş əməkdaşlarının mükafatlandırılması olduğunu diqqətə çatdırıb.
Müsabiqənin nəticələrinə əsasən, təbiət və texnika elmləri üzrə Biologiya fakültəsinin professoru Rövşən Xəlilov I, Ekologiya və torpaqşünaslıq fakültəsinin aparıcı elmi işçisi Kamran Mahmudov II, Tətbiqi riyaziyyat ETİ-nin baş elmi işçisi Vaqif Quliyev III, humanitar və ictimai elmlər üzrə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professoru Elşar Orucov I, Sosial elmlər və psixologiya fakültəsinin baş müəllimi Kamilə Kazımova II, Filologiya fakültəsinin dosenti Qızılgül Abdullayeva isə III yerlərə layiq görülüblər.
Xatırladırıq ki, müsabiqədə 1-ci yerin qalibləri 2500 manat, 2-ci yerin qalibləri 1500 manat, 3-cü yerin qalibləri isə 1000 manat pul mükafatı və diplomla təltif ediləcəklər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024