BDU-da elmi mühazirə: “Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərində Novruz”
Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərində Novruz” mövzusunda elmi mühazirə təşkil olunub. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Bakı Qızlar Universitetinin kafedra müdiri, dosent Qürbət Mirzəzadə məruzə ilə çıxış edib. Qürbət Mirzəzadə Novruz bayramının son illər xalqımız tərəfindən daha yüksək əhval-ruhiyyədə qeyd edildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində bu gün azad Qarabağımızda bayram tonqalları qalanır.
Qürbət Mirzəzadə məruzəsində Novruz bayramının türk xalqlarının həyatındakı yeri, Novruz adət-ənənələri, atributları barədə ətraflı məlumat verib. Vurğulayıb ki, folklor nümunələrimizdə və ədəbiyyatımızın qədim dövründən başlayaraq günümüzə qədər şair və yazıçılarımızın əsərlərində baharın təsviri, Novruz adətlərinin təbliği geniş yer alıb: “Şair və yazıçılarımızın əsərlərindəki təbiət obrazlarında baharın tərənnümü xüsusi xətt təşkil edir. Eyni zamanda ədiblərimiz baharı yalnız fəsil dəyişməsi kimi deyil, ictimai məzmunu ilə qələmə alıblar, onu xoşbəxt gələcəyin simvolu kimi təqdim ediblər. Bu əsərlərdə bahar yeni dünyanın metaforası, yeni arzular, həyat nişanəsi kimi obrazlaşıb”.
Qürbət Mirzəzadə Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Aşıq Ələsgər, Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun və başqalarının yaradıcılığından nümunələr səsləndirməklə fikirlərini əsaslandırıb.
Məruzə maraqla dinlənilib, məruzəçiyə suallar ünvanlanıb.
Sonda İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələrinin ifasında bahara həsr olunmuş şeirlər səsləndirilib.