BDU-da elmi seminar: “Akademik Tofiq Hacıyevin elmi yaradıcılığında ilklər”

29/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasında görkəmli türkoloq alim, “Şöhrət” ordenli, mərhum akademik Tofiq Hacıyevin anım günü ilə əlaqədar elmi seminar keçirilib.

“Akademik Tofiq Hacıyevin elmi yaradıcılığında ilklər” mövzusunda elmi seminarda kafedranın professor-müəllim heyəti və magistrantları, “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının əməkdaşları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov Tofiq Hacıyevin Azərbaycan elmi və təhsili tarixindəki yerindən, ölkəmizdə milli türkoloji düşüncənin inkişafında rolundan, 30 il BDU-nun Türkologiya kafedrasına rəhbərlik etməsindən, kafedranın Azərbaycanda türkoloji mərkəz hesab olunmasından, türkoloq-mütəxəssislərin yetişdirilməsindəki xidmətlərindən söz açıb.

Sonra kafedranın dosenti Qızılgül Abdullayeva “Akademik Tofiq Hacıyevin elmi yaradıcılığında ilklər” adlı məruzə edib. Məruzədə Azərbaycan dilinin tarixi məsələlərinin öyrənilməsində görkəmli alimin müstəsna xidmətləri, bu sahədə türkologiyada məktəb yaratması vurğulanıb. Məruzəçi bildirib ki, Tofiq Hacıyevin əsərlərinin hamısında milli mənsubiyyət ön plana keçir. Bütün yaradıcılığı boyu onu müşayiət edən milli kimlik Tofiq Hacıyevin bir çox ilklərə imza atması ilə nəticələnir. Azərbaycan ədəbi dili tarixini dəfələrlə dövrləşdirməsi, Azərbaycan dilinin tarixinin çox qədimlərə getdiyini faktlarla əsaslandırması, yazı dövrünün yeni tarixi ilə bağlı qətiyyətli fikir söyləməsi, dil tarixi fənlərinin diferensiasiyasına reallıq gətirməsi, milli dilin başlanğıcı ilə bağlı yeni tarixi elan etməsi bunun faktik sübutudur.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, məruzəçiyə suallar ünvanlanıb. Professorlar Elbrus Əzizov, Firuzə Ağayeva, dosent Afaq Məmmədova, elmi işçi Pərvin Eyvazov və başqaları məruzədə səsləndirilən tezislərə dair fikirlərini bildirib, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Seminar başa çatdıqdan sonra kafedra əməkdaşları II Fəxri xiyabanda akademik Tofiq Hacıyevin məzarını ziyarət edib, qəbri üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024