BDU-da elmi seminar: “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır”
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır” mövzusunda elmi seminar keçirilib.
Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev mövzunun aktuallığı və elmi əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, bu gün Azərbaycan Respublikası regionda təhlükəsizliyin möhkəmləndirilməsi, dövlətlərarası əməkdaşlığın inkişafı və münaqişələrin sülh yolu ilə həlli istiqamətində fəal siyasət həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü sülh gündəliyi, ölkənin diplomatik təşəbbüsləri, beynəlxalq təşkilatlarla əməkdaşlığı və regional layihələrdə iştirakı sülh və qarşılıqlı etimad mühitinin formalaşmasına mühüm töhfə verir. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülhün təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və barışıq üçün Gernika mükafatı”na layiq görülüb.
Elmi seminarda kafedranın professoru Sevda Süleymanova eyniadlı məruzə ilə çıxış edib. Məruzədə müasir dövrdə Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunmasında oynadığı rol geniş təhlil olunub. Bildirilib ki, ölkənin həyata keçirdiyi iqtisadi və nəqliyyat layihələri region dövlətləri arasında əlaqələrin güclənməsinə, qarşılıqlı əməkdaşlığın genişlənməsinə və sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasəti və dialoqa açıq mövqeyi Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasında mühüm amildir. Qeyd edilib ki, 2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyannamə imzalanıb. Prezident İlham Əliyevin “Sülh və barışıq üçün Gernika mükafatı”na layiq görülməsi Azərbaycanın regional təhlükəsizlik, inkişaf və əməkdaşlıq proseslərində aparıcı rolunun beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

