BDU-da elmi seminar: “Heydər Əliyev və Azərbaycan mediası”

08/05/2023

Bakı Dövlət Universitetində (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsi və Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə Tələbə Elmi Cəmiyyətinin (TEC) “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda növbəti elmi seminarı keçirilib.

Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb olub. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaradıb.

Elmi seminarın xüsusi qonağı - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev Ulu Öndər Heydər Əliyevin dahi, unudulmaz şəxsiyyət olduğunu deyib. Komitə sədri qeyd edib ki, Azərbaycanın inkişafı, tərəqqisi, dünyada tanınması və bugünkü nailiyyətləri məhz Ulu Öndərin adı, onun amalları ilə bağlıdır: "Azərbaycan 1993-cü ildə ağır bəlalardan qurtuldu, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmaqla xalqı parçalanmaqdan, ölkəni bölünməkdən xilas etdi. Müdriklik, uzaqgörənlik, böyük siyasət  - bu xüsusiyyətlər Heydər Əliyevə xas idi. Ulu Öndər Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.

BDU-nun Jurnalistika fakültəsinin doktorantı Nərminə Əsədova “Ulu Öndər Heydər Əliyevin milli mətbuatın inkişafındakı xidmətləri” mövzusunda məruzəsində Ümummilli Liderin media sahəsində hüquqi bazanın yaradılması, KİV-in maddi-texniki təminatının genişləndirilməsi sahələrində misilsiz xidmətlərindən bəhs edib. Məruzəçi bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra çıxış edən fakültə TEC sədri Günel Abbasova Ümummilli Lider Heydər Əliyevin cəmiyyətimizin “güzgüsü” olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın əsaslarını yaratdığına diqqət çəkib. Vurğulayıb ki, Azərbaycan mətbuatı yalnız Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas olub, inkişaf edib.

Elmi seminar Jurnalistika fakültəsinin I kurs tələbəsi Nurlan Cəbrayılzadə, III kurs tələbəsi Şəms Hüseynli və Ataməli Əliyevin Ulu Öndər Heydər Əliyevin kütləvi informasiya vasitələrinin inkişafındakı roluna dair məruzələri ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024