BDU-da elmi seminar: “Nərələrin akvakulturasının tədqiqinin prioritet istiqamətləri”

27/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Nərələrin prioritet istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

Fakültənin Zoologiya və fiziologiya kafedrasının dosenti, biologiya elmləri namizədi Çingiz Məmmədov mövzu ilə bağlı məruzə edib.

Müxtəlif təbii və antropogen amillərin dənizin ekosisteminə təsirinin ən yüksək həddə çatdığı bir vaxtda nərələrin genofondunun qorunub saxlanması və onların təbiətdə miqdarının stabil səviyyədə qalması aktual məsələlərdən biridir. Məruzəçi bildirib ki, hazırda bütün Xəzəryanı ölkələrin nərəbalıqartırma zavodlarında təbii mənşəli törədici qıtlığı yaşanır. Nərələrin akvakulturasının intensivləşdirilməsi məsələsi bir tərəfdən yeni proqressiv texnologiyaların istehsalata tətbiqi, digər tərəfdən isə əmtəə məqsədilə nərəbalıqartırmanın inkişaf etdirilməsi sayəsində öz həllini tapa bilər.

Tədqiqatçı nərələrin törədici qıtlığının aradan qaldırılması üçün balıqartırma zavodlarında gələcək törədici və reproduktiv törədici sürülərinin formalaşdırılması, nərələrin akvakulturasının intensivləşdirilməsi istiqamətində təkliflərini səsləndirib.
O qeyd edib ki, “kürüdən kürüyə qədər” prinsipi əsasında balıqartırma zavodlarında təbii mənşəli nərələrin reproduktiv sürülərini formalaşdırmaq, cinsi yetkinliyə çatmamış təbii mənşəli növləri qismən ovlamaq və zavod şəraitində cinsi yetkinliyə çatana qədər yetişdirmək, təbii mənşəli törədicilərdən cərrahiyyə üsulları ilə cinsi yetkin kürü almaq mümkündür. Nərələrin akvakulturasını intensivləşdirmək məqsədilə balıqartırma zavodlarında və fermer balıqçılıq təsərrüfatlarında formalaşdırılmış gələcək törədicilərin və reproduktiv sürülərin cinsiyyətinin və yetkinlik mərhələsinin qeyri-invaziv ultra-səs diaqnostikası (USM) üsulu ilə təyin edilməsi həyata keçirilə bilər. Formalaşdırılmış gələcək törədicilərin və reproduktiv sürülərin erkən yaşlarından cinsiyyətinin və yetkinlik mərhələsinin USM diaqnostikası üsulu ilə təyin edilməsi, qruplaşdırılması və balıqartırma məqsədilə istifadə edilməsi Azərbaycanda 2012-ci ildən həyata keçirilir. Hazırda törədici qıtlığı şəraitində belə itkilərin aradan qaldırılması milyonlarla əlavə balıq körpəsinin alınmasına səbəb olur.

Elmi seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024