BDU-da elmi seminar: “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya”

05/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının təşkilatçılığı ilə “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya” mövzusunda elmi seminar keçirilib.

Kafedranın müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova bildirib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Cənubi Qafqaz regionu həm geosiyasi, həm də mədəni və iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir. Strateji kommunikasiya xətlərinin kəsişməsində yerləşməsi və zəngin enerji resurslarına malik olması regionun geosiyasi rolunu daha da artırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən müasir inkişaf çağırışları Cənubi Qafqazda post-münaqişə mərhələsində davamlı sabitliyin təmin olunmasına, regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə və təhlükəsizlik arxitekturasının elmi-nəzəri əsaslar üzərində yenidən formalaşdırılmasına yönəlib. Bu kontekstdə süni intellekt sahəsində elmi və institusional problemlərin təhlili, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və gələcək perspektivlərin qiymətləndirilməsi xüsusi aktuallıq kəsb edir.

Sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov mövzu ilə bağlı məruzə edib. Bildirib ki, müasir dövrdə qlobal dəyişikliklərin mərkəzində rəqəmsal transformasiya, süni intellekt, elmi inkişaf və innovasiya dayanır. Qafqaz regionu da bu proseslərdən kənarda qalmır və yeni texnologiyaların tətbiqi, innovativ iqtisadiyyatın qurulması, elmi potensialın gücləndirilməsi baxımından mühüm mərhələyə qədəm qoyur. Vurğulanıb ki, süni intellekt elmi tədqiqatların metodologiyasına ciddi təsir göstərərək məlumatların təhlilini avtomatlaşdırıb, tədqiqatların sürətini artırıb və daha mürəkkəb problemlərin araşdırılmasına imkan yaradıb. Bununla yanaşı, bəzi ekspertlər mümkün risklər və mənfi təsirlərlə bağlı da xəbərdarlıqlar edirlər.

Məruzədə qeyd olunub ki, regionun əsas müasir çağırışları sırasında geosiyasi transformasiya, post-münaqişə dövründə bərpa, iqtisadi inteqrasiya, ekoloji təhlükəsizlik, sülhün möhkəmləndirilməsi, regional əməkdaşlıq modellərinin inkişafı və rəqəmsal iqtisadiyyata keçid üçün birgə tədqiqatların aparılması xüsusi yer tutur. Azərbaycan, Gürcüstan və Ermənistan süni intellekt strategiyaları və elmi potensialın artırılması istiqamətində müxtəlif proqramlar həyata keçirirlər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən “Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”, “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” və “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması haqqında” mühüm sənədlər imzalanıb. Şuraya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sədrlik edir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-da elmi seminar: “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya”

BDU-da elmi seminar: “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya”
05/03/2026

BDU əməkdaşları “Rabitəbank” ASC-də işgüzar səfərdə olublar

BDU əməkdaşları “Rabitəbank” ASC-də işgüzar səfərdə olublar
05/03/2026

BDU-da süni intellektin həyat elmlərində tətbiqinə dair elmi seminar

BDU-da süni intellektin həyat elmlərində tətbiqinə dair elmi seminar
04/03/2026