BDU-da elmi seminar: “Vətən müharibəsi mövzusunda bədii ədəbiyyatın nəşri”
Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Vətən müharibəsi mövzusunda bədii ədəbiyyatın nəşri” mövzusunda elmi seminar keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının doktorantı Afaq Məmmədova mövzu ilə bağlı məruzə edib. Gənc tədqiqatçı bildirib ki, 2020-ci ilin 27 sentyabrında Azərbaycan Respublikasının Prezidenti, Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin təxribatlarına cavab kimi başlayan 44 günlük Vətən müharibəsinin tarixi Zəfərlə başa çatması Ümummilli Liderimiz Heydər Əliyevin banisi və qurucusu olduğu müstəqil Azərbaycan dövlətini daha da qüdrətləndirdi. O, vurğulayıb ki, müharibə və postmüharibə dövründə baş verən proseslər, eləcə də dövlətimizin bu sahədəki siyasəti, Qarabağın tarixi, mədəniyyəti, elm, təhsil mühiti artıq elmi araşdırmaların, tədqiqat işlərinin mövzusu kimi meydana çıxır, bütün bunlar barədə alimlərin fikirləri və qənaətləri ictimaiyyətə təqdim olunur: “Eyni zamanda Vətən müharibəsi mövzusunda yazılan bədii əsərlər də ciddi şəkildə araşdırmalı və təbliğ olunmalıdır. Çünki bu tarixi Zəfər ədəbiyyatımıza yeni impluslar verib, yeni mövzuların, obrazlar sisteminin yaranmasına zəmin yaradıb. Xüsusilə, azad Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi bu istiqamətdə olduqca mühüm addımdır”-deyə Afaq Məmmədova bildirib.
Məruzədə tarixi qələbədən keçən dövr ərzində ölkənin aparıcı nəşriyyatları tərəfindən Vətən müharibəsi mövzusunda nəşr olunmuş kitablar müxtəlif aspektlərdən təhlil olunub. Vətən müharibəsi şəhidlərinə, qazilərimizə, ümumilikdə müharibələrin sosial-fəlsəfi mahiyyətinə həsr olunmuş bədii ədəbiyyat nümunələrinin yer aldığı kitab və toplular geniş şəkildə analiz edilib, bir sıra müqayisəli təhlillər aparılıb. Məruzədə həmçinin ötən dövr ərzində ölkə nəşriyatlarının Vətən müharibəsi mövzusunda çap etdiyi kitablar ad və tiraj göstəriciləri üzrə təqdim olunub.
Elmi seminar müzakirələrlə davam etdirilib.