BDU-da Elmi şuranın növbəti iclası keçirilib
05 aprel 2011-ci il tarixində BDU-nun Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti üzvləri, BDU-nun elmi Şurasının üzvləri, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialının gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirən rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb, bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.
İclasda 2010-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elmi işlər üzrə prorektor prof. İ.Ə.Əliyevin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb.
Məlum olub ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 126 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır.
Prof.İ.Əliyev qeyd edib ki, ümumiyyətlə 2010-cu ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 221 mövzu üzrə 1151 elmi iş yerinə yetirilmişdir.
Hesabat ilində Universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 65 monoqrafiya, 101 kitab, 107 dərslik, 114 dərs vəsaiti, 2747 məqalə, o cümlədən 1999 məqalə respublikada, 748 məqalə xaricdə, 1497 tezis, o cümlədən 747 tezis respublikada, 750 tezis xaricdə, 47 metodik göstəriş, 216 proqram nəşr etdirilib. Cari ildə universitet alimləri 17 doktorluq və 160 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik etmişlər. 30 doktorluq və 90 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy vermişlər.
Xaricdə nəşr olunmuş 748 məqalələrin 502-si təbiət elmləri, 246-sı isə humanitar elmlər üzrədir. Məqalələrin 136-sı, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 18,2 %-i impakt faktorlu jurnallarda nəşr olunmuşdur: BDU alimlərinin impakt faktoru olan jurnallarda dərc etdirdiyi məqalələr bütövlükdə Azərbaycanın elm və təhsil müəssisələrinin alimlərinin məqalələrinin 30%-ni təşkil edir.
BDU əməkdaşları tərəfindən BDU-nun sahibliyi ilə 9 patent alınmışdır. Akad.Məhərrəmov A.M., dos.Bayramov Q.M., f.r.e.n.İmaməliyev A.R., f.r.e.n.İbrahimov T.C. (AMEA-nın Fizika İnstitutu) müəllif olduqları “Elektrooptik qurğular üçün kolloid-maye kristal kompozit” 2009/005-AZ saylı ixtiraya 37 ölkəni əhatə edən Avro-Asiya Patenti alınmışdır.
Prof.İsmayıl Əliyev 2010-cu ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verib. Bu kitablar fizika, tarix, filologiya, beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültələrinin əməkdaşları tərəfindən yazılıb və Almaniyanın “Springer”, Rusiyanın “Nauka”, Türkiyyən nəşriyyatlarında nəşr olunub.
Tələbələrimiz Universitetdə və Universitetdən kənarda keçirilən elmi konfranslarda fəal iştirak edərək elmi məruzələrlə çıxış edir, məqalə və tezislər nəşr etdirirlər.
Hesabat ilində Universitetdə daimi 4 Dissertasiya Şuralarında 8 nəfər doktorluq və 60 nəfər ixtisas üzrə fəlsəfə doktorluq dissertasiyası (onlardan 32 nəfəri BDU-nun əməkdaşı, doktorant və dissertantıdır), müdafiə etmişdir.
BDU-da fəaliyyət göstərən Birdəfəlik Dissertasiya şuralarında 6 doktorluq (4-ü BDU-nun əməkdaşı) və 24 ixtisas üzrə fəlsəfə doktorluq (12-si BDU-nun əməkdaşları, doktorant və dissertantları) dissertasiyaları müdafiə edilmişdir. Onlardan 3 nəfəri xarici vətəndaşıdır.
Bakı Dövlət Universitetinin Elmi kitabxanası hər il olduğu kimi 2010-cu ildə də Ali məktəbin tədris-tərbiyə prosesini və elmi-tədqiqat işini ədəbiyyatla və informasiya ilə təmin edən aparıcı struktur bölməsi kimi öz fəaliyyətini davam etdirmişdir. BDU-nun Elmi kitabxanası Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən Ali məktəb kitabxanaları üzrə elmi-metodiki mərkəzdir. Metodik mərkəz kimi Elmi kitabxana 22 dövlət və bəzi özəl Ali məktəb kitabxanalarına metodiki köməklik göstərir. Elmi kitabxana Respublika daxilində dövlət Ali məktəb və özəl universitetlərin kitabxanaları ilə, həmçinin 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır. Universitetin 4 korpusunda yerləşən Elmi kitabxanasının 14 şöbəsi, 5 abonementi, 15 oxu zalı müntəzəm surətdə oxucuların istifadəsindədir.
Bakı Dövlət Universitetin nəşriyyatında çoxlu sayda monoqrafiyalar, dərslik və dərs vəsaitləri hazırlanmışdır.
Bakı Dövlət Universitetində dörd seriyada «Bakı Universitetinin Xəbərləri» jurnalı və digər 14 elmi, nəzəri, metodik və təcrübi jurnallar öz fəaliyyətlərini davam etdirmişlər.
BDU-nun İnformasiya Texnologiyaları Mərkəzi 26 elmi-tədris sinfini özündə birləşdirən müasir kompyuter avadanlıqları (1700 kompyuter) və proqram vasitələri ilə təchiz olunmuşdur.
Bakı Dövlət Universitetində 2007-ci ildən «Gənc istedadlar» liseyi fəaliyyət göstərir. Liseydə kitabxana, kompyuter otağı, kimya laboratoriyası, biologiya və fizika kabinələri, idman zalı, tibb məntəqəsi və yeməkxana şagirdlərin istifadəsinə verilmişdir.
2010-cu ildə BDU-nun laboratoriyalarının maddi-texniki bazası daha da möhkəmləndirmək məqsədi ilə yeni cihazlar alınmışdır. Ümumiyyətlə, 2010-cu ildə avadanlıqlara ayrılan vəsaitin həcmi 484 500$ təşkil etmişdir.
Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, aspirant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru akademik A.M.Məhərrəmovun 09.06.2009-cu il tarixli R-48 saylı əmri ilə universitetdaxili “50+50” qrant proqramı təsis edilmişdir. Müvafiq komissiyanın qərarı və Rektorun əmri ilə 18 professor-müəllim heyətinə, 10 gənc (35 yaşa qədər) professor-müəllim heyətinə, 13 nəfər doktorant, dissertant və magistrant və 10 nəfər tələbə 2010-2011-ci illər ərzində 2-ci müsabiqənin qalibi elan edilmişdir və onlara universitetin xüsusi vəsaiti hesabına qrant verilir.
Bakı Dövlət Universitetində təsərrüfat hesablı elmi-tədqiqat işləri də aparılır.
Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına mühüm yer ayırır. Ötən il universitetin rektoru Səudiyyə Ərəbistanına, Qazaxıstana, Koreya Respublikasına səfər etmişdir.
Hesabat ilində Universitetin əməkdaşları tərəfindən 35 beynəlxalq və respublikadaxili elmi layihələr həyata keçirilib. Bu layihələr Avropa Birliyinin 7-ci Çərçivə (FP-7) və TEMPUS Programları, Amerikanın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Səudiyyə Ərəbistanın Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi, Ukrayna Elm və Texnologiya Mərkəzi, Fransanın Milli Elmi araşdırmalar mərkəzi, NATO-nun «Elm sülhün keşiyində» proqramı, İsveçrə Milli Elm fondu, Almaniyanın Folsfagen şirkəti, Soros fondu Açıq Cəmiyyət İnstitutu, Dünya Bankı, AR Prezidenti Yanında Elmin İnkişafı Fondu, AR Təhsil Nazirliyi və AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən maliyyələşdirilir.
Mətbuat və İnformasiya şöbəsi, 05 aprel 2011-ci il.