BDU-da elmi-praktiki təlim: “Geoparklar: geoloji irsin qorunması və davamlı inkişaf”

23/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Geoparklar: geoloji irsin qorunması və davamlı inkişaf” mövzusunda elmi-praktiki təlim keçirilib. Tədbirin məqsədi geopark anlayışının elmi mahiyyətini izah etmək, geoloji irsin qorunmasının vacibliyini diqqətə çatdırmaq, geoparkların davamlı inkişaf, şəhərsalma və ekoloji mühafizə siyasətində rolunu nümayiş etdirmək olub. Tədbir çərçivəsində geoparkların yaradılmasının elmi əsasları, beynəlxalq təcrübə və onların regional inkişaf strategiyalarına inteqrasiyası məsələləri müzakirə olunub.

Tədbirdə Azərbaycan Ekoturizm Assosiasiyasının həmtəsisçisi, Coğrafiya fakültəsinin dosenti Vüqar Dərgahov məruzə ilə çıxış edərək, geoparkların mahiyyəti, funksiyaları və dünyada tətbiq olunan uğurlu modellər barədə məlumat verib. O bildirib ki, geoparklar yalnız geoloji obyektlərin qorunması ilə məhdudlaşmır, həm də elmi tədqiqat, ekoloji maarifləndirmə, geoturizmin inkişafı və yerli icmaların sosial-iqtisadi rifahının yüksəldilməsində mühüm rol oynayır.

Geologiya fakültəsinin dekanı Mamoy  Mansurov geoparkların mühəndis-geoloji və hidrogeoloji baxımdan əhəmiyyətinə toxunaraq qeyd edib ki, belə ərazilərin düzgün tədqiqi və xəritələşdirilməsi həm təbii risklərin qiymətləndirilməsi, həm də təhlükəsiz şəhərsalma planlaşdırılması üçün mühüm elmi baza yaradır. O vurğulayıb ki, geoloji irsin qorunması yalnız elmi məsələ deyil, gələcək nəsillər üçün strateji resursların və təbii landşaftların qorunması deməkdir. Mamoy Mansurov geoparkların yaradılması zamanı geodinamik proseslərin, süxur dayanıqlılığının və yeraltı suların rejiminin nəzərə alınmasının vacibliyini qeyd edib.
Tədris işləri üzrə dekan müavini İlqar Quliyev isə geoparkların regional inkişaf və iqtisadi diversifikasiya baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, geoparklar geoturizmin inkişafına təkan verərək regionlarda yeni iş yerlərinin yaradılmasına, yerli icmaların gəlir imkanlarının artmasına və ənənəvi təsərrüfat fəaliyyətinin turizm ilə inteqrasiyasına şərait yaradır. O, beynəlxalq təcrübəyə istinad edərək geoparkların uğurlu idarə olunmasının əsas şərtləri kimi yerli icmaların iştirakı, davamlı idarəetmə modeli və maarifləndirici proqramların genişləndirilməsini göstərib.

Natiqlər Azərbaycanın zəngin geoloji və geomorfoloji irsə malik olduğunu vurğulayıb, bu potensialın geopark təşəbbüsləri vasitəsilə qorunmasının və beynəlxalq turizm məkanına inteqrasiyasının mümkünlüyünü qeyd ediblər. Bildirilib ki, geoparkların yaradılması təbii abidələrin mühafizəsinə, ətraf mühitin qorunmasına, ekoloji şüurun formalaşmasına və regionlarda dayanıqlı turizm imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər.

Təlim zamanı geoparkların şəhərsalma və memarlıq mühitinə təsiri, landşaft planlaşdırılması, təbii irsin urban inkişaf prosesində qorunması, açıq təbiət muzeylərinin yaradılması və geoloji marşrutların təşkili kimi məsələlər də müzakirə olunub. İştirakçılar geoparkların təhsil və turizm sahəsində innovativ platforma rolunu oynadığını, tələbələrin praktiki biliklərinin artırılması üçün yeni imkanlar yaratdığını bildiriblər.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb, geoparkların yaradılması perspektivləri, hüquqi çərçivə, idarəetmə mexanizmləri və ictimai iştirakçılığın təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Xəbərlər

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı BDU-da “Effektiv “LinkedIn” profilinin hazırlanması” mövzusunda təlim keçib

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı BDU-da “Effektiv “LinkedIn” profilinin hazırlanması” mövzusunda təlim keçib
25/02/2026

“Tariximizin qanlı yaddaşı - Xocalıdır”

“Tariximizin qanlı yaddaşı - Xocalıdır”
24/02/2026

BDU-nun Tarix fakültəsində Xocalı soyqırımının qurbanları anılıb

BDU-nun Tarix fakültəsində Xocalı soyqırımının qurbanları anılıb
24/02/2026