BDU-da nərəkimilərin akvakultura şəraitində yetişdirilmə imkanları müzakirə olunub

24/02/2026

Bakı Dövlət Universiteti (BDU) Biologiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Nərəkimilərin Azərbaycanda akvakultura imkanları” mövzusunda elmi seminar keçirilib.

Seminarda Zoologiya və fiziologiya kafedrasının saathesabı müəllimi Zaur Salmanlı məruzə edib. Bildirib ki, Azərbaycanda nərə cinsli balıqların yetişdirilməsi tarixi ənənələrə əsaslanır və müasir mərhələdə strateji iqtisadi istiqamət kimi xüsusi əhəmiyyət daşıyır. Xəzər hövzəsində yayılmış nərəkimilərin qara kürü istehsalında mühüm rol oynadığı, onların akvakultura şəraitində yetişdirilməsinin isə yüksək ixrac potensialı yaratdığı vurğulanıb.

Çıxış zamanı nərəkimilərin bioloji xüsusiyyətləri (uzunömürlülük, gec cinsi yetkinlik, yüksək kürü məhsuldarlığı və xüsusi ekoloji tələblər) nəzərə alınaraq qəfəslərdə, hovuzlarda və nohur tipli təsərrüfatlarda yetişdirilməsi imkanları təhlil olunub. Respublika üzrə şirin su ehtiyatlarının məhdudluğu fonunda qapalı su dövriyyə sistemləri kimi müasir və sudan qənaətedici texnologiyaların tətbiqinin aktuallığı qeyd edilib. Bildirilib ki, nərəkimilərin akvakultura şəraitində yetişdirilməsi aqrar sektorun şaxələndirilməsinə, regionlarda məşğulluğun artırılmasına, təbii populyasiyaların qorunmasına və qida sənayesinin xammal bazasının gücləndirilməsinə mühüm töhfə verə bilər.

Seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi apararaq Azərbaycanda davamlı və ixracyönümlü akvakultura sektorunun inkişaf perspektivlərini müzakirə ediblər.

 

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026