BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
Bakı Dövlət Universitetində (BDU) “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyinin (ELSA Azərbaycan) təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən ELSA Azərbaycan-ın prezidenti Əli Səfərəliyev təşkilatın hüquqşünas tələbələrin akademik və peşəkar inkişafındakı rolundan bəhs edib. O, gənclərin hüquq sahəsində nəzəri biliklərini təkmilləşdirmələri, praktiki təcrübə qazanmaları, beynəlxalq praktikadan faydalanmaları və peşəkar əlaqələr qurmaları baxımından bu cür platformaların əhəmiyyətini vurğulayıb.
Daha sonra assosiasiyanın Milli İdarə Heyətinin digər üzvləri təşkilatın fəaliyyət istiqamətləri, strukturu, həyata keçirdiyi layihələr və hədəfləri barədə ətraflı məlumat veriblər. Çıxışlarda tələbələrin müxtəlif layihələrdə iştirak etməklə bilik və bacarıqlarını inkişaf etdirmələri, həmçinin hüquq sahəsində yeni imkanlar əldə etmələri məsələlərinə toxunulub.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.



