BDU-da fitopatogenlərlə mübarizə tədbirlərinə dair regional elmi-praktik konfrans keçirilir

16/06/2023

Bakı Dövlət Universiteti (BDU), “SARA INVEST” Holdinq və “Agro” Bitki Klinikasının təşkilatçılığı ilə dövlət-özəl əməkdaşlığı çərçivəsində ””Tomato Brown rugose fruit” virusu” və onunla mübarizə tədbirləri” mövzusunda regional elmi-praktik konfrans keçirilir.

Konfransın açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində təşkil olunan regional konfransda fitopatogenlərlə mübarizə tədbirləri müzakirə edilir. Bu, təsadüfi deyil. Təbiət elmləri sahəsində BDU-nun 5 elmi prioritetindən biri məhz biologiya və həyat haqqında elmlərdir. BDU İsrailin, Türkiyənin aparıcı universitetləri ilə müxtəlif layihələr, proqramlar reallaşdırır: “Ərzaq təhlükəsizliyinin, eyni zamanda biotəhlükəsizliyin təmin edilməsində patogen mikroorqanizmlərlə mübarizə böyük əhəmiyyət daşıyır. Bitkiçilik məhsullarına təsir edən patogen mikroorqanizmlər insan sağlamlığı üçün bilavasitə təhlükə törətməsə də, hər il milyonlarla dollar dəyərində məhsulun məhvinə səbəb olur. Dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində ciddi problemlər yaranıb və bir çox ölkə kənd təsərrüfatı məhsullarının tədarükündə bu faktorlardan asılı vəziyyətdədir. Ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan məqsədyönlü və ciddi islahatlar nəticəsində bu sahə qeyri-neft sektorunun lokomotivinə çevrilməkdədir. Hər il müxtəlif növ zərərverici və patogen mikroorqanizmlərlə yoluxma hallarının qarşısı effektiv şəkildə alınarsa və ya bu tip hallarda düzgün laboratoriya diaqnozları qoyulub müvafiq mübarizə metodları tətbiq edilərsə, iqtisadi itkilərin miqdarı nəzərə çarpacaq səviyyədə azalar. “Tomato Rugose Brown Virus” və ya “Pomidorun Qonur Qırışıqlıq Virusu” dünyada geniş yayılıb və bu virusun səbəb olduğu iqtisadi zərər olduqca böyükdür. Elmi-praktik əsaslara dayanan həll metodlarının inkişaf etdirilməsində universitet və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq strukturlarının işbirliyi vacibdir.

Rektor diqqətə çatdırıb ki, “universitet - özəl sektor işbirliyi”nin başlanğıcı sayılan bu konfrans böyük əhəmiyyət kəsb edir. Konfrans çərçivəsində bu sahədə qardaş Türkiyənin zəngin praktikası da müzakirə ediləcək. Bununla yanaşı, BDU və “SARA INVEST” birgə elmi-praktik layihələrin icrasına da başlayacaq.

“SARA INVEST” Holdinqin direktoru Baba Qurbanov isə qeyd edib ki, adıçəkilən virusla mübarizə bütün dünya ölkələri üçün həlli vacib olan problemlərdən biridir. Pomidor və bibər bitkilərini yoluxduran virus ərazi radiusundakı bütün birkiləri məhv edir. Ona görə də ölkələrin istehsal və ixrac potensialını kəskin şəkildə aşağı salan virusla bağlı araşdırmalar aparmaq, onun təsirinin minimuma endirilməsi gərəkdir. O, konfransın problemdən çıxış yollarının tapılmasına töhfə verəcəyinə əminliyini bildirib.

BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Xalid Bayramlı diqqətə çatdırıb ki, Azərbaycan universitetləri arasında ilk dəfə olaraq Bakı Dövlət Universiteti özəl sektorla birlikdə layihələr icra etməyə başlayıb: “İsrail, Türkiyə, Özbəkistan, Avropanın əksər ölkələrində geniş yayılmış bu virus olduqca dayanıqlıdır, onunla mübarizə çətindir. BDU-nun elmi potensialından istifadə etməklə problemin risk qiymətləndirməsini aparmaq və həlli yollarını araşdırmaq nəzərdə tutulur”.

“Toxumçuluq və Tingçilik” MMC-nin direktoru Xəqani Məmmədov da ərzaq təhlükəsizliyi baxımından dünya ölkələrinin qarşısında duran əsas vəzifənin məhsul istehsalını artırmaq və mövcud problemləri aradan qaldırmaq olduğunu vurğulayıb. O, konfransda aparılan müzakirələrin qida təhlükəsizliyi sahəsində problemlərin həllinə yardım edəcəyini bildirib.

Konfrans Azərbaycan və Türkiyədən olan mütəxəssislərin mövzu ilə bağlı elmi məruzələri ilə davam edib.

Tədbirin sonunda iştirakçılar “Agro” Bitki Klinikasına səfər edəcəklər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024