BDU-da “Fizika və astronomiyanın problemləri” mövzusunda XXVI Respublika elmi konfransı keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində magistrantların və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” mövzusunda XXVI Respublika elmi konfransı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Fizika fakültəsinin tədris işləri üzrə dekan müavini Vüsal Məmmədov bildirib ki, konfrans gənc tədqiqatçıların elmi potensialının inkişafı və təcrübə qazanmaları baxımından mühüm əhəmiyyət daşıyır. Konfransa Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarından və ölkənin digər ali təhsil müəssisələrindən gənc alimlər qatılıblar. Ümumilikdə tədbir çərçivəsində 98 elmi məruzənin dinlənilməsi nəzərdə tutulub.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Farid Nağıyev çıxışında belə tədbirlərin gənclərin elmi araşdırmalara cəlb olunmasında mühüm rol oynadığını vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun direktoru Mais Süleymanov müasir fizikanın inkişaf meylləri, süni intellektin bu sahəyə mümkün töhfələri, elmi fəaliyyətin qarşısında duran çağırışlar barədə danışıb. O, gənc tədqiqatçıların aktual elmi istiqamətlərə yönləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, professor Maarif Cəfərov elmi fəaliyyətə maraq göstərən gənclərlə tövsiyələrini bölüşüb.
Plenar iclas Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun direktoru Mais Süleymanovun sədrliyi ilə keçirilib. İclasda institutun doktorantı Sara Rəhimzadə “Ile-Trp dipeptidinin molekulyar tədqiqi: DFT hesablamalarının, farmakofor və ADMET xassələrinin təhlili”, Fizika fakültəsinin I kurs magistrantı Səbuhi Əzizov isə “Maye kristal – gümüş nanohissəcikləri kolloidində idarə olunan səthlə lokallaşmış plazmon rezonansı” mövzusunda məruzələrlə çıxış ediblər. Təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.
Plenar iclasın sonunda Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının müdiri, professor Rəna Qasımova və Mais Süleymanov tərəfindən məruzəçilərə sertifikatlar təqdim olunub.
Daha sonra konfrans öz işini beş bölmə üzrə davam etdirib. ”Nəzəri fizika və astrofizika” bölməsində 27, “Biofizika və molekulyar fizika” bölməsində 17, “Bərk cisimlər və yarımkeçiricilər fizikası” bölməsində 29, “Nanoquruluşların fizikası və texnologiyası” bölməsində 18, “Fiziki elektronika” bölməsində isə 7 məruzə dinlənilib.
Bölmə iclaslarının yekununda bütün məruzəçilərə sertifikatlar təqdim olunub.






