BDU-da “Fizikada müasir trendlər” mövzusunda VII Beynəlxalq elmi konfrans başlayıb

15/12/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU)  “Fizikada müasir trendlər” mövzusunda VII Beynəlxalq konfransı öz işinə başlayıb. Beynəlxalq konfrans mövcud əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, İtaliyanın La Sapienza Universiteti, STAR-NET Nüvə Texnologiyaları üzrə Regional Təhsil və Təlim Şəbəkəsi və Macarıstanın Szeged Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın bu gün keçirilən açılış mərasimində Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev çıxış edərək elmi konfransın işinə uğurlar arzulayıb. Rektor nitqində bildirib ki, konfransda Respublikamızın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, İtaliya, Yaponiya, Polşa, Türkiyə, Pakistan, İran, Braziliya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin, elmi-tədqiqat institutlarının alimləri də iştirak edir. Konfrans 15-17 dekabr tarixlərində bölmə iclasları ilə davam edəcək və maraqlı stend məruzələr dinləniləcək. Konfransın məqsədi fizika və fundamental elm sahələrində yeni prioritet istiqamətləri aşkara çıxarmaq, innovativ və tətbiqi xarakterli istiqamətləri müəyyənləşdirmək, beynəlxalq səviyyəli mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, gənc tədqiqatçıları elmi araşdırmalara təşviq etmək, elmi-tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdir.

Konfransın açılış mərasimində Odlar yurdu Azərbaycanın əsrarəngiz gözəllikllərinə əks etdirən video-təqdimat  və BDU-nun infoturu təqdim edilib.

Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müşaviri Ülkər Səttarova, Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun baş direktoru, akademik Qriqoriy Trubnikov, professor Sergey Dmitriyev, professor Aleksandr Çeplakov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri  Nicat Məmmədli, akademik Nazim Məmmədov, Azərbaycan Milli Aeorokosmik Agentliyinin baş direktoru Natiq Cavadov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanov, STAR-NET Nüvə Texnologiyaları üzrə Regional Təhsil və Təlim Şəbəkəsinin vitse-prezidenti Andrey Timoşenko, Pakistanın Əbdül Vəli Xan adına Mardan Universitetinin (Abdul Wali Khan University Mardan) professoru Məhəmməd Ajaz çıxış ediblər.

Açılış mərasimindən sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında akademik Nazim Məmmədov “Spektroskopik ellipsometriya və sərbəst daşıyıcı plazmanın kənarı: topoloji izolyatorlar halı”, Böyük Britaniyanın Uorik Universitetinin (University of Warwick) professoru Valeri Nakariakov “Günəş tacının maqnitohidrodinamik seysmologiyası”, Türkiyənin Orta Doğu Texniki Universitetinin professou Əmdulla Mehrabov “Hesablama materialşünaslığı vasitəsilə Fe əsaslı nanoərintilərdə struktur-xassə nisbətinin modelləşdirilməsi və simulyasiyası”, Rusiyanın Moskva Fizika və Texnologiya İnstitutunun professoru Emil Əhmədov “Kainatdakı kvant sahə nəzəriyyəsi niyə yaxşı anlaşılmır?”, ABŞ-ın Delaver Universitetinin professoru Seyid İsmət Şah “Günəş batareyaları texnologiyasındakı inkişaflar və problemlər: materiallar və proseslər” mövzusunda məruzə ilə çıxış ediblər.

Üç gün davam edəcək konfransda Azərbaycandan, həmçinin ABŞ, Pakistan, Rusiya, İtaliya, Macarıstan, Türkiyə, Özbəkistan, Ukrayna, Çin, Gürcüstan və Belçikadan olan tanınmış alimlərin məruzələri dinləniləcəkdir. Konfrans materialları Web of Science bazasına daxil ediləcəkdir. Konfransda nəzəri və yüksək enerjilər fizikası, biofizika, kodensə olunmuş hal fizikası, materialşünaslıq və maddə mühəndisliyi, kosmos elmləri və astrofizika istiqamətləri üzrə müzakirələr aparılır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024