BDU-da “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” çərçivəsində təlimlər
Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatı və Mədəniyyətlərarası Dialoq Naminə Qlobal İttifaqın tərəfdaşlığı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” layihəsi çərçivəsində BDU-da ümumilikdə 4 təlim görüşü təşkil olunub.
Layihə çərçivəsində keçirilən təlimlər gənclər arasında mədəniyyətlərarası dialoqun təşviqi, sülh mədəniyyətinin formalaşdırılması, effektiv kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi və multikultural dəyərlərin aşılanmasına yönəlib.
Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Ülviyyə Ağabəyovanın “Multikulturalizm modelləri və Azərbaycan təcrübəsi”, həmin kafedranın müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayevin “Multikulturalizm sahəsində beynəlxalq təcrübə” mövzularında təqdimatları olub. Fəlsəfə kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Pənahova “Sülh quruculuğunda gənclərin rolu və vətəndaş iştirakı”, kafedranın dosenti Nərgiz Məcidova isə “Effektiv kommunikasiya və mədəni həssaslıq bacarıqları” mövzularında çıxış ediblər.
Sessiyalar zamanı multikulturalizm anlayışının nəzəri əsasları, müxtəlif ölkələrdə tətbiq olunan modellər, beynəlxalq təcrübədə mövcud çağırışlar, sülh quruculuğunda vətəndaş iştirakının rolu, eləcə də effektiv ünsiyyət və mədəni həssas yanaşma mexanizmləri geniş müzakirə olunub.
Təlim prosesində iştirakçılar praktiki tapşırıqlar, qrup işləri və situativ analizlər vasitəsilə mədəniyyətlərarası dialoqun sülh quruculuğundakı rolu, qarşılıqlı anlaşmanın formalaşdırılması yolları və gənclərin bu prosesdə aktiv iştirakının əhəmiyyəti barədə bilik və bacarıqlar əldə ediblər.
Qeyd edək ki, layihədə Azərbaycanda təhsil alan əcnəbi və yerli tələbələrlə yanaşı, ictimai fəal gənclər də iştirak edirlər. Layihənin əsas məqsədi gənclər arasında mədəniyyətlərarası ünsiyyəti gücləndirmək, tolerantlıq dəyərlərini təşviq etmək və sülh naminə birgə fəaliyyət platforması formalaşdırmaqdır.
Layihə çərçivəsində növbəti təlim və görüşlərin keçirilməsi nəzərdə tutulur.








