BDU-da görkəmli arxeoloq, professor Məmmədəli Hüseynovun 100 illik yubileyi qeyd olunur

05/12/2022

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli arxeoloqu, professor Məmmədəli Hüseynovun 100 illik yubileyinə həsr edilmiş “Məmmədəli Hüseynovun daş dövrü arxeologiyasına verdiyi töhfələr” mövzusunda Beynəlxalq elmi konfransın açılışı olub.

Mərasimdə çıxış edən BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov bildirib ki,  Azərbaycan paleolit məktəbinin banisi, tarix elmləri doktoru, professor Məmmədəli Hüseynov dünya əhəmiyyətli tədqiqatları ilə arxeologiya elmini zənginləşdirib. 1953-cü ildə Məmmədəli Hüseynovun iştirakı ilə Qazax rayonundakı Damcılı mağarasında Azərbaycanda ilk qədim daş dövrü düşərgəsi aşkarlanıb.

Fərda İmanov vurğulayıb ki, Məmmədəli Hüseynovun mühüm elmi nailiyyətlərindən biri Qarabağda, Qurucay dərəsinin Tuğ cökəkliyində yerləşən, zəngin stratiqrafiyaya malik unikal Azıx paleolit mağara düşərgəsini dünya arxeologiyasının qızıl fonduna daxil etməsidir. Bu abidə sivilizasiyanın ən qədim məskənlərindən birinin məhz Azərbaycan olduğunu isbatlayır. Alim həmin tədqiqatlara əsaslanaraq Azərbaycanın, bütövlükdə Qafqazın bəşəriyyətin formalaşma xəritəsində yer aldığını, 1,2 milyon il və daha əvvəl Azıx mağara düşərgəsində ibtidai insanların Homo erectus tipli nümayəndələrinin yaşadığını sübut edib. Görkəmli alim 1976-1992-ci illərdə Arxeologiya və etnoqrafiya kafedrasına rəhbərlik etməklə BDU-da arxeologiya elminin inkişafına böyük töhfələr verib. Məmmədəli Hüseynovun BDU-nun Tarix fakültəsində təşkil etdiyi Arxeologiya və etnoqrafiya muzeyinin eksponatları daş dövründən orta əsrlərədək geniş xronoloji çərçivədə arxeoloji materiallardan, müxtəlif təyinatlı etnoqrafik nümunələrdən ibarətdir.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Şərəfli alim ömrü” adlı məruzəsində qeyd edib ki, Məmmədəli Hüseynovun tədqiqatları Qazax-Gəncə və Qarabağ bölgələrinin daş dövrü düşərgələri ilə məhdudlaşmır. Onun 30 ilədək rəhbərlik etdiyi Azərbaycan paleolit ekspedisiyası respublikamızda hazırda mövcud olan paleolit düşərgələrinin xəritəsini müəyyənləşdirib. O, Azərbaycan tarixinin xronoloji çərçivəsinin 2 milyon il ilə ölçüldüyünü təkzibedilməz faktlarla sübut edib.

Daha sonra akademik Yaqub Mahmudov “Böyük alimin dünya əhəmiyyətli kəşfi”, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Daş dövrü şöbəsinin müdiri Əsədulla Cəfərov “Azıx dünya arxeologiyasında”, institutun aparıcı elmi işçisi Azad Zeynalov ”Məmmədəli Hüseynov və Quruçay mədəniyyəti”, Gürcüstanın İlya Dövlət Universitetinin Arxeoloji Tədqiqatlar Mərkəzinin direktoru Nikoloz Thushabramishvili “Orta və Üst Poleolitə keçid problemləri Ortvala Klde və Bondi mağaralarının tədqiqi əsasında” mövzularında məruzə ediblər. Məruzələrdə maddi-mədəniyyət qalıqlarındakı informasiyaların əldə olunmasında, tarixi həqiqətlərin üzə çıxarılmasında alimin xidmətləri qeyd olunub, Azərbaycan arxeologiyasının inkişaf perspektivləri təhlil olunub.

Daha sonra Xalq şairi Nəriman Həsənzadə, alimin qızı Rəhilə Babayeva Məmmədəli Hüseynovla bağlı xatirələrini bölüşüblər.

Sabah da davam edəcək konfransda Azərbaycan, ABŞ, Yaponiya, Almaniya, Gürcüstan, Qazaxıstandan olan alimlər tərəfindən 41 məruzə dinləniləcək, “Professor Məmmədəli Hüseynovun elmi irsi”, “Daş dövrü arxeologiyası”, “Qafqazın paleoantropologiyası”, “Qafqazın geoarxeologiyası”, “Azərbaycanın daş dövrü arxeologiyasının nəzəri məsələləri”, “İşğaldan azad edilən ərazilərin tarixi, maddi mədəniyyət abidələri və onların bərpası məsələsi” istiqamətlərində müzakirələr aparılacaq.

Qeyd edək ki, görkəmli arxeoloq, professor Məmmədəli Hüseynovun anadan olmasının 100 illik yubileyi münasibətilə Tarix fakültəsinin elmi-tədqiqat laboratoriyaları tərəfindən onun elmi məqalələri, monoqrafiyaları, kitab və dərs vəsaitləri toplanılıb. “Azıx mağarası – Homo nəslinin beşiyidir: Məmmədəli Hüseynovun tədqiqatları” adlı əsər BDU-nun nəşriyyatında 2 cilddə çap edilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024