BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində Arif Rəhimzadə ilə görüş
Bakı Dövlət Universitetinin (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə ilə gənclərin görüşü keçirilib.
BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev hakimiyyətinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb, xalqın intellektual gələcəyini düşünüb. Milli təhsil sisteminin yaradılması və müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti və savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri Ümummilli Liderin fəaliyyətinin bütün mərhələlərində prioritet olub. Azərbaycanın bugünkü nailiyyətlərinin, şanlı Qələbəmizin təməlində də əsası 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz xalq-iqtidar birliyi dayanır.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müstəqil dövlətimizin müasir tarixi fenomenal şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin sonunun Azərbaycan xalqının həyatında taleyüklü dövr kimi xarakterizə olunduğunu deyən Bəxtiyar Nəbiyev qeyd edib ki, həmin dövrdə baş verən hadisələr, xalqın və dövlətin xilas edilməsi zərurəti Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirib.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçiliyimizin və xalqımızın intibahında tarixi bir mərhələ təşkil edir. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı, Azərbaycan dinamik inkişaf edən bir dövlətə çevrildi. Ulu Öndərin müqəddəs missiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O, gənclərə Ulu Öndər Heydər Əliyevin zəngin irsini öyrənməyi, hər zaman doğru yolla getməyi və mübariz olmağı tövsiyə edib.
Görüş diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.