BDU-da Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

10/12/2021

Bu gün Bakı Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə BDU-nun rəhbərliyi Fəxri xiyabana gedərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Ulu Öndərin Universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri qoyulduqdan sonra anım tədbiri BDU-nun Akt zalında davam edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Universitetin rektoru Elçin Babayev Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. Ümummilli Liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs edən Elçin Babayev bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır – xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və Xalq şairi Nəriman Həsənzadə çıxışlarında Ulu Öndərin Azərbaycan dövlətçiliyinin, milli ədəbiyyatımız və mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında, Milli Məclisin üzvü Sevinc Fətəliyeva, “Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyətlərindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən bəhs edib.

Çıxışlarda natiqlər Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələridən söz açıblar. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan Ümummilli Lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024