BDU-da şəhərsalma sənədlərinin rəqəmsallaşdırılmasına dair araşdırmalar aparılır
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Azərbaycan Respublikasında elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti elmi seminar keçirilib. Seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müəllimi Əliyusif Məmmədov ““Ağıllı şəhər” konsepsiyasında memarlıq və şəhərsalma sənədlərinin rəqəmsallaşdırılması” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə tətbiqi xarakterli elmi tədqiqatların aparılması xüsusi aktuallıq kəsb edir.
Çıxışda müasir şəhər anlayışının mahiyyəti izah olunaraq bildirilib ki, bu gün şəhərlər artıq rəqəmsal informasiya axınları üzərində formalaşır. “Ağıllı şəhər” konsepsiyasının əsas komponentləri, şəhərsalma və memarlıq fəaliyyətində rəqəmsal texnologiyaların rolu, sənəd resurslarının rəqəmsallaşdırılması prosesinin nəzəri və praktiki tərəfləri geniş şəkildə təhlil edilib. Qeyd olunub ki, informasiya axınlarının səmərəli idarə olunması və sənədlərin elektron mühitdə sistemli inteqrasiyası müasir şəhər idarəetməsinin əsas şərtlərindəndir.
Məruzədə, həmçinin, şəhərsalma sənədlərinin (sxemlər, layihələr və s.) rəqəmsal formata keçirilməsi, vahid informasiya sistemlərində toplanması və istifadəsi məsələlərinə toxunulub. Sənəd əsaslı və rəqəmsal resursların qarşılıqlı əlaqəsi müqayisəli şəkildə təhlil edilərək bu yanaşmanın şəhər mühitinin daha effektiv planlaşdırılmasına, resursların optimal idarə olunmasına və qərar qəbuletmə prosesinin təkmilləşdirilməsinə töhfə verdiyi vurğulanıb.
Seminar çərçivəsində “Smart City” mühitində memarlıq və şəhərsalma sənədlərinin rəqəmsallaşdırılması zamanı metadata standartlarının tətbiqi, informasiya təhlükəsizliyi, açıq məlumat platformaları və kitabxana-informasiya müəssisələrinin rolu da müzakirə edilib.


