BDU-da idman turnirinin bağlanış mərasimi
Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş idman turnirinin bağlanış mərasimi keçirilib.
Rəsmi hissədən əvvəl idman yarışları çərçivəsində fakültələrarası futbol turnirində III yerin sahibi müəyyənləşib və final oyunu keçirilib. Oyunların nəticələrinə görə, Ekologiya və torpaqşünaslıq fakültəsi Fizika fakültəsinə qalib gələrək, turnirdə III yeri tutib. Finalda isə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Tarix fakültəsinə qalib gəlib.
Daha sonra bağlanış mərasimi keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qeyd edib ki, Azərbaycan xalqı Ümummilli Lider, müstəqil dövlətimizin memarı və qurucusu, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevin anadan olmasının 102-cü ildönümünü böyük sevinc və ehtiramla qarşılayır. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra gənclər, idman, elm və təhsil siyasəti dövlətin əsas prioritetləri sırasına daxil edilib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncləri həm təhsil, həm idman sahəsində bütün dünyada öz uğurları ilə seçilirlər. Prorektor çıxışında BDU komandalarının ölkədaxili yarışlarda müxtəlif idman sahələrində əldə etdiyi nailiyyətlərdən bəhs edib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə müxtəlif idman növləri üzrə keçirilən yarışlarda uğur qazanan komandaları təbrik ediblər.
Sonda idman yarışlarının qalibləri elan edilib. Qaliblər kubok və medallarla təltif olunublar.
Qeyd edək ki, idman turnirində 5 idman növü üzrə 300-dək tələbə iştirak edib.