BDU-da ilk dərs günündən 101 il keçir

15/11/2020

Bu gün, Bakı Dövlət Universitetinin fəaliyyətə başlamasından 101 il ötür. 1919-cu il noyabrın 15-də Universitetdə birinci dərs günü elan edilib. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə ilk ali təhsil ocağımız - Bakı Dövlət Universiteti açılıb.

1919-cu il sentyabrın 1-də gərgin müzakirələrdən sonra, Azərbaycan parlamenti ictimai fikir tariximizdə, elmin, maarifin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul edib. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə 1919-cu il sentyabrın 29-da, parlamentin 79-cu iclasında qəbul olunub.

Universitet Şurası 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibini təsdiq edib. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib.

Universitet ilk tədris ilini 2 fakültə ilə - Tarix-filologiya, Tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili İvanoviç Razumovski olub.

101 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin qərarı ilə ən ağır şərtlər altında yaradılan, mürəkkəb, ziddiyyətli iyirminci illərdən, otuzuncu illərin repressiyalarından keçən Bakı Dövlət Universiteti Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində Azərbaycanda milli oyanışın, müstəqillik məfkurəsinin mərkəzinə çevrilməyə başladı.

Müstəqillik illərində də BDU öz tarixi missiyasını şərəflə yerinə yetirməkdədir. Bu gün əminliklə söyləyə bilərik ki, Universitet ölkəmizdə milli şüurun, icimai fikrin əsas mərkəzlərindən biridir. 2019-cu ildə 100 illiyini qeyd edən BDU-ya ən böyük yubiley töhfəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 noyabr 2017-ci il tarixində imzaladığı "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncam oldu. Sərəncamda müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaranan Bakı Dövlət Universitetinin şərəfli yol keçdiyi qeyd olunur, Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında, ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki tarixi xidmətləri xüsusi vurğulanır.

Universitetin 100 illik təntənəli yubiley mərasimində cənab Prezidentin proqram xarakterli çıxışı isə bu ali məktəbin qarşısında yeni strateji hədəflər qoydu. Bu gün BDU həmin hədəflərə çatmaq üçün əzmlə fəalyyət göstərir. Bu gün BDU-da tədrisin müasir təlim texnologiyaları əsasında təşkilindən elmi-tədqiqat işlərinin məzmununun yenilənməsinə, beynəlxalq əməkdaşlıqdan sosial-humanitar sferaya qədər hər bir detalda yeni, innovativ idarəetmənin ön planda olduğu açıq-aydın hiss olunur.

2019-cu ilin əvvəlindən bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bütün fəaliyyət sahələri kimi təhsi sahəsində də yaranmış çətinliklər fonunda BDU öz fəaliyyətini əzmlə davam etdirir, təlim-tədris prosesini yeni dövrün şərtlərinə və reallıqlarına uyğun şəkildə qurur.

Bu gün Azərbaycan Respublikasının 30 ilə yaxın müddətdə işğalçı Ermənistan dövləti  tərəfindən pozulmuş ərazi bütövlüyünün, tarixi ədalətin bərpası günlərini - Böyük Qələbənin sevincini yaşayırıq. Azərbaycan dövləti 44 günlük müharibə nəticəsində uzun illər dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən aparılan sülh danışıqlarına son qoydu, tarixi ədaləti özü bərpa etdi, BMT qətnamələrini döyüş meydanında reallaşdırdı. Əzəli Azərbaycan torpaqlarında, qədim Şuşa şəhərinə müqəddəs bayrağımız ucaldıldı.

Universitetin gələcək inkişafı üçün müəyyənləşdirilən strategiya, götürülən xətt və qarşıya qoyulan hədəflərin təhlili onu deməyə əsas verir ki, Bakı Dövlət Universiteti qarşıda duran məqsədlərə çatacaq, əldə etdiyi uğurları ilə hər birimizi sevindirəcəkdir. Əminliklə söyləmək olar ki, bu gün Universitetdə görülən işlər, aparılan islahatlar ictimai mənafenin, əqli gücün və şüurun üstünlüyü şəraitində baş verir və Azərbaycanda elmin, təhsilin inkişafına xidmət edir. Ümummili Liderimiz Heydər Əliyevin dediyi kimi, Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır! Milli sərvətimizi qoruyaq və inkişaf etdirək!

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024