BDU-da ilk dərs günündən 105 il keçir
Bu gün Bakı Dövlət Universitetində (BDU) ilk dərs günündən 105 il ötür.
1919-cu il sentyabrın 1-də gərgin müzakirələrdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ictimai fikir tariximizdə, elmin və təhsilin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul edib. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə 1919-cu il sentyabrın 29-da, parlamentin 79-cu iclasında qəbul olunub.
Universitet Şurası 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibini təsdiq edib. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili İvanoviç Razumovski olub.
BDU-nun inkişafında yeni və mühüm mərhələ, heç şübhəsiz, 1969-cu ildə Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başladı. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşdi. Ali təhsil ocağının 50 illik yubiley tədbirlərinə Ulu Öndər Heydər Əliyevin şəxsən rəhbərlik etməsi, dövlət başçısı kimi Universitetə daimi qayğısı BDU-nun nüfuzunu daha da artırdı. Universitetin 50 illik yubiley tədbirində Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək məhz ana dilimizdə çıxış etməsi bu gün də xalqımız tərəfindən ehtiram və minnətdarlıqla yad edilir. Bu tarixi hadisənin, həmin dövrdə müdrik rəhbərin ali təhsil ocağına xüsusi diqqət və qayğısının sayəsində Universitet yenidən milli oyanışın mərkəzinə, müstəqilliyimizə gedən yolun carçısına çevrildi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoydu. Ulu Öndər ənənələrə sadiqliyini bir daha nümayiş etdirərək Universitetin xeyirxahı və hamisi, eyni zamanda məzunu kimi qayğısını əsirgəmədi. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirir. BDU möhtərəm Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli qayğısı ilə tərəqqi və inkişaf yolunda inamla addımlayır.
Doğma universitetimiz son 21 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Prezidentin müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi təntənəli şəkildə ölkədə və xaricdə qeyd olunub, əməkdaşlarımız ali dövlət mükafatları ilə təltif edilib. Dövlətimizin başçısının Universitetin 100 illik yubiley mərasimindəki proqram xarakterli çıxışı bu gün hər birimiz üçün yol xəritəsidir.
105 il əvvəl 2 fakültə, 44 nəfərdən ibarət professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet hazırda 16 fakültə, 121 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yolla davam edir. BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planında qarşıya qoyulmuş vəzifələr, prioritet istiqamətlər əsasında universitetdə təhsilin inkişafı, elmi tədqiqatların keyfiyyətinin artırılması, idarəetmə sisteminin dinamikliyinin təmin edilməsi məqsədilə müntəzəm olaraq islahatlar aparılır. Tələbələr və akademik heyət arasında qarşılıqlı əlaqələr dərinləşdirilir. Yeni nəsil elm və təhsil proqramlarının sayı artırılır, əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisas və ixtisaslaşmalara tələbə qəbulu aparılır. Tədris resursları mütəmadi olaraq təkmilləşdirilir, təlim prosesini müasir üsullarla və müasir məzmunla həyata keçirmək məqsədilə auditoriyalar müasir İKT avadanlıqları ilə təchiz olunur, elmi-tədqiqat və tədris laboratoriyalarının maddi-texniki bazası gücləndirilir.
2024-cü ildə BDU-nun 2 saylı tədris binası ən yüksək səviyyədə əsaslı təmir edilib. Yeni təmir olunmuş 2 saylı tədris binasının həyətində yerləşən Şəhidlər kompleksi yenidən qurulub, binanın həyətində Zəfər kompleksi yaradılıb, tədris binasında isə “Zəfər tarixi” lektoriyası istifadəyə verilib. Lektoriya Vətən müharibəsində böyük Qələbənin simvolları və Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıqlarını, eləcə də hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərini əks etdirən fotoşəkillər və Vətən müharibəsindən bəhs edən ədəbiyyatla təchiz edilib.
Aparılan islahatlar tədris prosesinin, elmi tədqiqatların keyfiyyətini artırır, eyni zamanda, tələbələrin ictimai fəallığının artırılmasına, onların azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə bağlı, əsl vətəndaş kimi formalaşmasına xidmət edir.
BDU tələbələrinin komandaları son illər “TEKNOFEST” festivallarında da uğurla çıxış edir, mühüm nəticələr əldə edirlər. 2023-cü ildə BDU komandaları İstanbulda keçirilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında uğurlu nəticə göstərib, universitetin 4 komandası 6 layihə ilə “TEKNOFEST-2023”ün finalına vəsiqə qazanıb. Onlardan “BSU Creativity Workz” komandası “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)” layihəsi ilə festivalda “Ağıllı nəqliyyat” kateqoriyası üzrə 109 finalçı arasında I yerə, “Humantek” komandası isə “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi ilə “Aqrar texnologiyalar” kateqoriyasında 73 finalçı arasında III yerə layiq görülüb. Bu il Türkiyənin Adana şəhərində keçirilən “TEKNOFEST-2024” festivalında BDU-nun tələbələrdən ibarət iki komandasının layihələri - “BSU Creativity Workz” komandasının “Irrigo” layihəsi və “ESST-6” komandasının “E-tarım sulama” layihəsi final mərhələsinə vəsiqə qazanıb. Komandalarımızın ötən ildə olduğu kimi yüksək yerlərə layiq görüləcəyinə əminik.
Bu il BDU tələbələri, eyni zamanda, nüfuzlu “Robotex Avrasiya” festivalında ciddi uğur əldə edib. 2024-cü ilin aprel ayında keçirilən bu festivalda BDU-nun yarışmada iştirak edən 7 komandasının hər biri qalib olub, o cümlədən iki komanda (“85 Games Studio və “Humantek”) yarışmada I, iki komanda (“Bilig” və “Bradenburg”) II, üç komanda isə (“AiTech Group”, “QuantumTech” və “TechTitans”) III yerə layiq görülüb.
BDU tələbələri, eləcə də universitetin nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri beynəlxalq arenada bilik və bacarıqlarını uğurla nümayiş etdirirlər. 2024-cü il avqustun 5-dən 11-dək Bolqarıstanda ali məktəb tələbələri arasında keçirilmiş Beynəlxalq Riyaziyyat Olimpiadasında BDU tələbələri qızıl və bürünc medala layiq görülüblər. Həmçinin 2024-cü ildə ibtidai, orta və yuxarı sinif şagirdləri arasında keçirilmiş beynəlxalq riyaziyyat müsabiqələrində “Gənc istedadlar” liseyinin şagirdləri 25 qızıl, 21 gümüş, 24 bürünc medal qazanıblar.
Universitetdə tələbələrin təhsili, elmi tədqiqatlara təşviq olunmaları və onların layihələrinin dəstəklənmələri üçün ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Son dövrlər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması, “Code for Future” layihəsinin həyata keçirilməsi, Xarici Dil Mərkəzinin fəaliyyətə başlaması tələbələrimizin bilik və bacarıqlarını daha da artırır, onların fərdi istedadlarının üzə çıxarılmasına əlavə əlverişli şərait yaradır.
Hazırda universitetdə ali təhsilin bütün səviyyələrində 25 minə yaxın tələbə təhsil alır. BDU-da 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 250-dən çoxu elmlər doktoru, professor, 800 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir. Bu gün BDU-da 76 ixtisas, 271 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. Son illər BDU-da təhsilin bakalavr və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmalar açılıb.
BDU peşəkar kadrlar yetişdirməklə yanaşı, milli ruhlu vətəndaş yetişdirməyi də özünün ali məqsədi hesab edir. Bu məqsədlə davamlı olaraq tələbələr arasında müvafiq iş aparılır, maraqlı sosial layihələr həyata keçirilir. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatları bu prosesin avanqardı kimi çıxış edir. BDU tələbələri ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz mühüm töhfələrini verirlər. Tələbələrin yataqxana şəraitinin yaxşılaşdırılması məqsədilə ötən dövr ərzində müasir standartlara cavab verən yeni yataqxana – 216 yerlik “Tələbə Evi” istifadəyə verilib. Həmçinin tələbələrin keyfiyyətli, müasir dərslik və dərs vəsaitləri ilə təmin edilməsi üçün BDU-nun Nəşr Evi “bp-Azərbaycan” şirkətinin dəstəyi ilə ən müasir avadanlıqlarla təchiz edilərək yenidən qurulub və istifadəyə verilib. Eyni zamanda, BDU ilə “bp-Azərbaycan” şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında BDU-nun Elmi kitabxanasının elektronlaşdırılmasına başlanılıb.
Son illər BDU məzunları dövlət qulluğuna və digər qurumlara işə qəbulla bağlı keçirilən mərkəzləşdirilmiş imtahanlarda ənənəvi olaraq yüksək nəticələr göstərir, eyni zamanda, tələbələrimiz beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarışmalarında ön yerlərə layiq görülürlər. Cari ildə “Yüksəliş” müsabiqəsinin qalibləri arasında BDU-nun 4 məzunu yer alıb. 2024-cü il üzrə Gənclər üçün Prezident mükafatçılarından üçü, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-cü ildə xaricdə təhsil almaq imkanı qazanmış tələbələrdən isə 49-u BDU-nun məzunudur. Prezident İlham Əliyevin 2023-cü il 24 iyun tarixli Sərəncamına əsasən BDU-nun 8 tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.
Universitetdə elmi fəaliyyətin səmərəli təşkili prioritet hesab olunur. Elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi sahəsində yeni müsbət tendensiya formalaşır. Son illərdə BDU-da Sənaye kimyası, Rəqəmsal araşdırmalar, Hüceyrə kulturası və genom redaktəsi, Mikrobiologiya və virusologiya, Biomühəndislik, Kompleks geoloji və geofiziki tədqiqatlar kimi yeni sənayeyönümlü elmi-tədqiqat laboratoriyaları, Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ECOLEAD Klinikası, ICESCO-nun Biotibbi materiallar kafedrası, Beynəlxalq Türk Akademiyası ilə birgə Süni intellekt etikası kafedrası, Erməni Araşdırmaları və Təlim Mərkəzi, Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi, “Eko Məkan” və s. yaradılıb.
Dünyanın nüfuzlu beynəlxalq elm və təhsil reytinqlərində mövqeyini möhkəmləndirmək BDU-nun prioritet istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycanın dünya universitetlərinin QS reytinq siyahısında ilk ən yaxşı 1000 universitet siyahısında yer alan yeganə ali təhsil müəssisəsi BDU-dur. Universitet alimləri tərəfindən nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin dinamikası ildən-ilə yüksələn xətt üzrə inkişaf edir. “Clarivate Analytics” beynəlxalq agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun H-indeksi artaraq 68-ə yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2018-ci ildə 35-ə, ötən il isə 52-yə bərabər olub. Hər bir əsərə edilən istinadların orta sayı 8.53-ə qədər yüksəlib. Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4436 elmi əsər dərc edilib. Bu əsərlərə ümumilikdə 37000-dən çox istinad edilib ki, bu göstərici ötən il 29000 idi.
Universitetimiz son illər bir sıra reytinqlər üzrə göstəricilərini də artırıb. BDU, eyni zamanda, Azərbaycanda “Times Higher Education Subject” reytinq siyahısında yer alan yeganə ali təhsil müəssisəsidir. BDU-nun bu sahədə daha bir uğuru ilk dəfə olaraq “QS Sustainability 2024” reytinqində yer almasıdır. 2024-cü ildə THE qlobal reytinqinə də Azərbaycan ali təhsil müəssisələrindən yalnız BDU daxil olub.
Bütün bunlar kollektivimizin birgə, yüksək səylə çalışması nəticəsində əldə edilmiş uğurlardır. Əminik ki, bu nəticələr ildən-ilə daha da yüksələcək. Bu uğurlar universitetimizdə müasir tələblərə uyğun elmi-tədqiqat mühitini inkişaf etdirir, beynəlxalq əməkdaşlıq imkanlarını daha da artırır, rəqabətədavamlı elmi araşdırmaların aparılmasına şərait yaradır.
Beynəlxalq əməkdaşlığa, tələbə və müəllim mübadiləsinə xüsusi önəm verən BDU bu istiqamətdə də səylərini davam etdirir. Universitet əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması məqsədilə ABŞ, Çin, Almaniya, İsrail, İsveçrə, Qazaxıstan və digər ölkələrin qabaqcıl universitet və institutları ilə (Yerusəlim İbrani Universiteti, Holon Texnologiya İnstitutu, Anhui Universiteti, Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Linkoln Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti və s.) bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə 12 beynəlxalq ikili diplom proqramlarını tətbiq edir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elm tədqiqatların sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiqetmə imkanının yaradılması üçün nüfuzlu universitetlərlə əməkdaşlıq gündən-günə artırılır. Bunlar BDU-nun dünyanın qabaqcıl elm və təhsil məkanına inteqrasiyasını şərtləndirir və bu prosesi daha da sürətləndirir.
Ötən tədris ilində də BDU-nun beynəlxalq əməkdaşlıq strategiyası uğurla davam etdirilib. Bu dövrdə BDU ilə Türkiyənin Tokat Qaziosmanpaşa, Orta Doğu Texniki, İstanbul Texniki, Muğla Sıtkı Koçman universitetləri, Litvanın Mikolas Romeris Universiteti arasında “Erasmus” mübadilə protokolu, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti, Qırğız-Türk “Manas” Universiteti arasında “Orhun” mübadilə protokolu, Türkiyənin Hacettepe, Balıkesir, Ankara Sosial Elmlər universitetləri, İspaniyanın Qranada Universiteti, Özbəkistan Elmlər Akademiyasının Mirzə Uluqbəy adına Astronomiya İnstitutu, Qazaxıstanın Atırau Dövlət Universiteti, Yaponiyanın Kanaqava və Kumamoto universitetləri, Çinin Pekin Xarici Dillər, Tongji, Hefei Texnologiya universitetləri arasında əməkdaşlıq memorandumu və bu istiqamətdə bir sıra digər sənədlər imzalanıb. BDU hazırda 50-dən çox ölkənin 160-dan artıq universiteti ilə əməkdaşlıq edir.
BDU xarici universitetlərlə birgə beynəlxalq elmi tədbirlərin təşkilinə də üstünlük verir. Son illər bu istiqamətdə bir sıra nəticələr əldə edilib, o cümlədən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfranslar, BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” üzrə BMT/Azərbaycan yüksək işçi seminarı (United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere), “Volkswagen” Fondu ilə “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda beynəlxalq yay məktəbi və s. elmi tədbirlər keçirilib.
BDU nüfuzlu beynəlxalq elmi təşkilatlarla əməkdaşlığı da özünün prioritetlərindən hesab edir. 2022-ci ildə Avropa Universitetlər Assosiasiyasının (EUA) və İslam Dünyasının Universitetləri Federasiyasının (FUIW), 2023-cü ildə Beynəlxalq Astronavtika Federasiyasının (IAF), 2024-cü ildə isə Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasının (World Association of Industrial and Technological Research Organizations - WAITRO), Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin (Network of Universities from the Capitals of Europe - UNICA) üzvü seçilib.
Beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Universitetin sosial missiyasına müvafiq olaraq onun cəmiyyətdə nüfuzunun artırılması istiqamətində çoxşaxəli tədbirlər görülüb, universitetin sahib olduğu elmi potensialın cəmiyyətin sosial problemlərinin həllinə, sosial-iqtisadi proqramların həyata keçirilməsinə cəlb edilməsi məqsədilə ölkənin dövlət təşkilatları, nüfuzlu müəssisə və ictimai birlikləri ilə əlaqələr genişləndirilib, birgə sosial layihələrin sayı artırılıb. Dövlət və qeyri-hökumət təşkilatlarının, iri beynəlxalq və özəl şirkətlərin öz sosial layihələrini təqdim etdiyi platformaya çevrilməsi məqsədilə tərəfdaş qurumlarla birlikdə fəaliyyət planları tərtib edilib, universitetdə ölkənin elmi, mədəni, sosial-iqtisadi problemlərinə həsr olunmuş yüksək səviyyəli konfranslar, seminarlar və digər tədbirlər keçirilib. Cəmiyyətin sosial problemlərinin təhlilinə və həllinə, müəssisə və təşkilatların sosial tədqiqat və layihələrinin icrasına Universitetin elmi potensialının cəlb edilməsi ənənəsi inkişaf etdirilib.
Dövlət və özəl müəssisələrlə əməkdaşlıq bilavasitə tədris prosesinin, elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkilinə, eləcə də məzunların işlə təmin olunmasına xüsusi töhfə verir. Son illər BDU ilə Elm və Təhsil Nazirliyinin Fizika, Molekulyar Biologiya və Biotexnologiyalar, Riyaziyyat və Mexanika, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya və Radiasiya Problemləri institutları, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Sənayesi Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, Sosial Xidmətlər Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), PAŞA Bank, “PAŞA Həyat Sığorta”, “LU-MUN HOLDING” və s. təşkilatlar arasında müvafiq memorandumlar, müqavilələr imzalanıb. Əmək bazarının mövcud tələbatını, yeni dövrdə mütəxəssislərdən tələb olunan əsas bacarıqları öyrənmək, bu tələbatın kadr hazırlığında nəzərə alınması, eləcə də universitet-sənaye işbirliyinin yaradılması, tədris prosesinə sənayedə çalışan mütəxəssislərin cəlb olunması, tələbələrin istehsalatda yeni meyarlarla təcrübə keçməsi, həmçinin birgə layihələrin, elmi-tədqiqat işlərinin aparılması məqsədilə hazırda BDU 57 dövlət, özəl və qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edir, birgə layihələr həyata keçirir.
BDU-nun 100 illik yubileyindən sonra keçən beş il ərzində universitetdə bir sıra mühüm layihələr reallaşdırılıb. Bunlara misal olaraq, “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat”ı, “Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyətinin təhlili”, “Azərbaycan Respublikasının tarixi (1991-2021)“ 2 cildlik kitabını, “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət” nəşrini və s. göstərmək olar. Adıçəkilən layihələr BDU-nun professor-müəllim heyəti tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib və ictimaiyyətə təqdim edilib.
Bu gün BDU-nun kollektivi və tələbələri Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq bu istiqamətdə öz fəaliyyət istiqamətini müəyyənləşdirib, bir sıra tədbirlər, layihələr həyata keçirməkdədir.
Ölkəmizdə keçirilən bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə hər zaman fəal iştirakı ilə seçilən BDU kollektivi “Yaşıl dünya naminə həmrəylik ili”ndə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP-29) ölkəmizdə keçirilməsini mühüm hadisə hesab edir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin dünyadakı nüfuzunun göstəricisidir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin parlaq nümunəsidir. Böyük potensiala malik elm və təhsil müəssisəsi kimi BDU da bu istiqamətdə tədbirlərini davam etdirir.
Qalib və qüdrətli ölkəmizin gündən-günə inkişaf etməsi, elm və təhsildə əldə olunan nailiyyətlər, BDU kollektivini və tələbələrimizi doğma universitetimizin 105 illik yubileyini daha yüksək ovqatla qeyd etməyə sövq edir, hər birimizdə sonsuz qürur hissləri yaradır. Əminik ki, möhtərəm Prezidentimizin diqqət və qayğısı ilə əhatələnən 105 yaşlı BDU zəngin ənənələrini inkişaf etdirərək, beynəlxalq təcrübədən, dünya elminin nailiyyətlərindən faydalanaraq, Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə elmi əsaslara, milli və mədəni dəyərlərə söykənən və müasir dövrün tələblərinə cavab verən kadrlar hazırlamaq missiyasını uğurla davam etdirəcək.