BDU-da “istehlakçı cəmiyyət”dən “yaşıl iqtisadiyyat”a keçidlə bağlı müzakirə aparılıb

15/03/2022

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində onlayn formatda elmi seminar keçirilib.

Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti, doktorant və tələbələr iştirak edib.

Seminarda Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti  Azər Cəfərov “Dövrümüzün paradiqması “istehlakçı cəmiyyət”dən “yaşıl iqtisadiyyat”a keçid: Azərbaycanın yeri və rolu”, Ekoloji kimya kafedrasının magistrantı Bəsti Quliyeva “Ağdam rayonunun (Quzanlı qəsəbəsi ətrafında) təbii su mənbələrinin müasir vəziyyətinin ekoloji qiymətləndirilməsi” mövzularında çıxış ediblər.

Azər Cəfərov məruzədə qlobal ekoloji problemlər, “yaşıl iqtisadiyyat”ın təməl prinsipləri, Azərbaycanın bu iqtisadiyyatda yeri və rolu, təbii resurslardan optimal istifadənin təmin edilməsi, əhalinin rifahının yüksəldilməsi, “yaşıl iqtisadiyyat” modelində enerji, kənd təsərrüfatı və nəqliyyat sahələri haqqında geniş məlumat verib. Məruzəçi istehlakçı cəmiyyətin qlobal miqyasda və Azərbaycanın nümunəsində təbii resursların tükənməsi, ekoloji problemlərin yaranmasında mənfi rolunu izah edib, “resursyönümlü iqtisadiyyat”a -  “yaşıl iqtisadiyyat”a keçidin zəruriliyini bildirib.

Bəsti Quliyeva isə məruzəsində Ağdam rayonunun coğrafi mövqeyi, təbii su ehtiyatlarının vəziyyəti, Quzanlı qəsəbəsi ətrafındakı su mənbələrindən götürülmüş su nümunələrinin kimyəvi tərkibinin analizinin nəticələri və su mənbələrinin müasir vəziyyətinin ekoloji qiymətləndirilməsi barədə danışıb. Elmi məruzədə ilk dəfə olaraq Ağdam rayonunun (Quzanlı qəsəbəsi ətrafinda) ərazisindən götürülmüş təbii su (artezian quyu suları və bulaq suları) nümunələrində ağır metalların miqdarı, fiziki-kimyəvi parametrlərin su nümunələrində yol verilən miqdarı ilə analiz nəticəsində əldə olunan miqdarının müqayisəli təhlili təqdim olunub.

Qeyd olunub ki, Quzanlı ərazisindən götürülmüş təbii su nümunələrində fenol və polisiklik aromatik karbohidrogenlər (PAK) aşkar olunmayıb, lakin radioaktiv elementlərin və ağır metalların (Mn, Cu, Mo) miqdarı yol verilən qatılıq həddini (YVQH) keçir.

Elmi seminar mövzularla bağlı diskussiya ilə davam edib.

 

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025