BDU-da “Karyeraya yeni baxış” mövzusunda təlim keçirilib
Bakı Dövlət Universitetində (BDU) tələbələrə karyera planlamasına dair seminar keçirilib. BDU-nun Karyera və məzunlarla iş sektorunun əməkdaşı İlkin Şərifov seminar iştirakçılarına mərkəzin fəaliyyət istiqamətlərindən, mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasından, işlə bağlı müraciətlərin idarə olunmasından, uğur əldə etmiş iş adamları ilə görüşlərin təşkilindən, peşəkar məsləhətlərinin verilməsindən, universitetdaxili və xarici qrumlarla münasibətlərdən danışıb. Bildirib ki, bu mərkəz tələbələrin gələcəkdə uğurlu karyera qurmalarına yardım edən struktur bölmədir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti tələbələrin və məzunların məşğulluğunun təmin olunmasına dəstək göstərmək və kömək etməkdir.
Türkiyə Respublikasının Qazi Universitetinin məzunu, karyera planlayıcı, motivasiya, ünsiyyət, sosial psixologiya üzrə mütəxəssis Samir Məmmədov karyera qurmasında əldə etdiyi təcrübəni tələbələrlə bölüşüb. Qeyd edib ki, bu günə qədər 100-ə yaxın yerli, regional və beynəlxalq layihələrdə iştirakçı və təşkilatçı kimi fəaliyyət göstərib. O, şəxsi karyerası və rəhbərlik etdiyi şirkətin fəaliyyəti haqqında seminar iştirakçılarına məlumat verib. Bildirib ki, uğurlu karyeranın başlanğıcı universitetdə yüksək təhsil almaqdır. Bununla yanaşı, könüllü təcrübə proqramlarının əhəmiyyətinə diqqət çəkən S.Məmmədov qeyd edib ki, uğurlu karyeraya gedən yolda ali təhsillə yanaşı, şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq qabiliyyəti də böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən tələbələr təhsil müddətini səmərəli keçirməli və öz üzərilərində çox işləməlidirlər. Uğurlu karyeraya nail olmaq istəyən gənclər onun bünövrəsini tələbəlik dövründə qoymalıdırlar.
Qeyd edək ki, BDU-da belə seminarların mütəmadi keçirilməsi nəzərdə tutulub.