BDU-da Konfutsiy İnstitutunun açılışı olub

22/04/2011

Bu gün Bakı Dövlət Universitetində Konfutsi İnstitutunun açılışı olub. Açılış mərasimindən sonra tədbir işinı böyük akt zalında davam etdirib. Çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, İnstitutun yaradılması Çin Xalq Respublikasının Anhoy Universiteti və Bakı Dövlət Universiteti arasında imzalanmış saziş əsasında reallaşıb. Sazişə əsasən, Anhoy Universiteti bu İnstituta hər il Çin dili və mədəniyyəti üzrə yüksək səviyyəli mütəxəssislər göndərəcək, onu dərslik və dərs vəsaitləri, audiovizual materiallarla təmin edəcək. Bundan başqa, Konfutsi İnstitutunun tələbələri hər il Anhoy Universitetində təcrübə keçəcəklər.

Rektor bu İnstitutun iki ölkə xalqlarının dostluq tellərinin möhkəmlənməsinə və əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə inamını ifadə edib.

Təhsil nazirinin müavini Elmar Qasımov qeyd edib ki, bu İnstitut Azərbaycan cəmiyyətinin tələblərinə uyğun olan təhsil üsulları axtaracaq, Çin dilinin Azərbaycan xalqı üçün öyrənilməsi, Çinlə daha yaxın tanış olunması və iki tərəf arasında mədəni mübadilə əməkdaşlığının həyata keçirilməsi baxımından böyük xidmətlər göstərəcəkdir.

Çinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Tsyan Syaoyan da Bakı Dövlət Universiteti və Anhoy Universiteti arasında aparılan uğurlu və səmimi əməkdaşlığın məhsulu olan Konfutsiy İnstitutunun açılışı münasibətilə xoş sözlərini və arzularını çatdırıb.

Anhoy Universitetinin prorektoru Nyu Liven təmsil etdiyi ali təhsil ocagı haqqında ətraflı məlumat verib. Onun sözlərindən məlum olub ki, Anhoy Universiteti son illər təhsilin beynəlmilləşdirilməsi istiqamətində beynəlxalq əlaqələrini genişləndirib, 90-a yaxın universitet və elmi-tədqiqat institutları ilə əməkdaşlıq müqaviləsi imzalayıb ki, həmin sırada Bakı Dövlət Universitet xüsusi yer tutur.

Sonra şərqşünaslıq fakültəsinin çin dili ixtisasının tələbələri Çinin xalq mahnılarını ifa edib, şeirlər səsləndirib, çin idman gimnastikasını, milli adət-ənənələrini əks etdirən paltarlar nümayiş etdiriblər.

Qeyd edək ki, tədbirin tərcüməçiləri şərqşünaslıq fakültəsinin tələbələri olub. Çin nümayəndə heyəti onların tərcüməsindən razı qalıb və rektora təşəkkür ediblər. Rektor da öz növbəsində fakültənin dekanı Elxan Əzizov başda olmaqla, uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyliyə və tələbələrə minnətdarlığını bildirib.

Qeyd edək ki, Konfutsi İnstitutu xaricdə Çin dilinin yayılması üçün Çin Dövlət Komitəsi tərəfindən yaradılmış Çin mədəniyyət və təhsil mərkəzidir. Konfutsiy İnstitutlarının missiyası - Çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir. İlk Konfutsi İnstitutu 2004-cü ildə Koreya Respublikasının paytaxtı Seulda açılıb. Çin dilinin yayılması üzrə Beynəlxalq Şuranın hesablamalarına görə artıq dünyada 40 milyon insan çin dilini öyrənir.

Mətbuat və İnformasiya şöbəsi, 22 aprel 2011-ci il.

(Material TREND, APA, SİA,Lent.az, Modern.az, 1News.az, SalamNews.org, Interfax.ru, News.24 az, Navigator.az, Azernews.az, Xəzər Xəbər.com informasiya agentliklərində, xəbər portallarında, "Paralel" elektron qəzet, "Yeni Azərbaycan", "525-ci qəzet", "Ekspress", "Zaman", "Şərq" qəzetlərində də yayımlanıb – 22-23 aprel 2011-ci il)

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024