BDU-da ölkənin aparıcı kitabxanalarının iştirakı ilə tələbə elmi konfransı keçirilib

16/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində BDU-nun Elmi Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, ADA Universiteti Kitabxanası və Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzi ilə birgə “Elektron katoloq - yüksək texnologiyaların nəticəsi kimi” mövzusunda tələbə elmi konfransı keçirilib.

Elmi konfransı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov bildirib ki, bu gün Universitetdə elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi istiqamətində mühüm addımlar atılır, bu istiqamətdə həyata keçirilən islahatlar və müəyyənləşdirilmiş inkişaf strategiyasının təhlili BDU yaxın gələcəkdə təhsilin səviyyəsinə və elmi tədqiqatların məzmununa görə beynəlxalq reytinq agentliklərinin siyahısında daha ön yerləri tutacağını, nüfuzlu tədqiqat universitetinə çevriləcəyini deməyə əsas verir. Keçirilən konfransın tələbələrdə elmi fəaliyyətə böyük maraq yaradacağını bildirən Mais Süleymanov konfransın işinə uğurlar arzulayıb.

Sonra Kitabxanaçılıq-informasiya fakültəsinin dekan vəzifəsini icra edən Ələmdar Cabbarlı konfrans haqqında ətraflı məlumat verib. Ə.Cabbarov konfransın keçirilməsində məqsədin kitabxana-informasiya fəaliyyətində əsas element olan elektron kataloqların və avtomatlaşdırma proseslərinin müasir vəziyyətini və perspektivlərini araşdırmaq, eyni zamanda tələbələrdə elmi tədqiqata marağın artırılması, onlarda nəzəri biliklərlə yanaşı təcrübi biliklərin də formalaşdırılması baxımından bu istiqamətdə olan elmi nəticələri müzakirə etmək olduğunu qeyd edib.

Konfransda tələbələr “M.F.Axundov adına Milli Kitabxanada avtomatlaşdırma proseslərinin müasir vəziyyəti və istifadə səmərəliliyi”, “AMEA MEK-də avtomatlaşdırma proseslərinin müasir vəziyyəti və elektron kataloqun axtarış imkanları”, “BDU-nun Elmi Kitabxanasında avtomatlaşdırma proseslərinin tarixi təkamülü və müasir vəziyyəti”, “ADA Universiteti Kitabxanasında elektron resurslarla xidmət və elektron kataloqun istifadə səmərililiyi” və “UNEC Kitabxana İnformasiya Mərkəzində  avtomatlaşdırma prosesləri və elektron kataloq” mövzularında təqdimatla çıxış ediblər. Təqdimatlarda adı çəkilən kitabxanaların bu sahədəki fəaliyyəti şərh edilib, müqayisəli təhlillər aparılıb, müəyyən nəticələr təqdim edilib, təkliflər irəli sürülüb.

Çıxış edənlər - Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədov, ADİU Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin kafedra müdirləri Elçin Əhmədov, Knyaz Aslan, Sevda Xələfova, tədbirin moderatoru, elmi işlər üzrə dekan müavini Zahidə Rzayeva və fakültə Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Rəşad Qardaşov konfransın əhəmiyyətindən bəhs edib, təşkilatçılığa və yüksək səviyyədə dəstəyə görə Universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024