BDU-da İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib - VİDEO
Bu gün Bakı Dövlət Universitetində Azərbaycanın xalq yazçısı, Respublka Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib. Konfransı açan rektor, akademik Abel Məhərrəmov təhsil naziri Mikayıl Cabbarovu və tədbir iştirakçılarını salamlayaraq görkəmli dramaturqun həyat yoluna nəzər salıb. İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırladan rektor XX əsr Azərbaycan ədəbiyyatında qüdrətli nasir və dramaturq kimi tanınan xalq yazıçısı İlyas Əfəndiyevi yaratdığı zəngin ədəbi-bədii irs, yeni nəsr və teatr məktəbi ilə özündən sonrakı ədəbi proseslərə işıq salan ustad yazıçı kimi təqdim edib. Bildirib ki, İlyas Əfəndiyevin əsərlərinin melodramatizmi, lirik-romantik üslubu, milli ruh, milli zövq, estetik təsir gücü ilə yoğrulmuş obrazlı dili çoxsaylı oxucu və tamaşaçı məhəbbəti qazandırıb. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatına rəngarəng üslublar, forma və məzmun yenilikləri gətirən, özlərinə məxsus fərdi yaradıcılıq yolları, cığırları olan yazıçılardan olub. Azərbaycan xalqının mənəvi aləminin formalaşmasında İ.Əfəndiyev pyeslərinin xüsusi rolundan bəhs edən rektor bildirib ki, təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə olmuş "Unuda bilmirəm" pyesi 1981-ci ilə qədər, təkcə Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılıb və məhz bu xidmətlərinə görə, o, respublikamızın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adlarına, Azərbaycan Dövlət Mükafatı laureatı adına layiq görülüb, “Xalqlar Dostluğu” və digər orden və medallarla təltif edilib.
«İlyas Əfəndiyev» filmi nümayiş olunduqdan sonra BDU-nun kafedra müdiri, professor Tofiq Hüseynoğlu «O həmişə bizimlədir» adlı məruzə edib. Sonra AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Tofiq Hacıyev xatirələrini bölüşüb.
Tədbirin sonunda Baş nazirin müavini, görkəmli dramaturqun oğlu Elçin Əfəndiyev cıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Çıxışlardan sonra bədii hissə olub və İlyas Əfəndiyevin pyeslərindən səhnələr göstərilib.
Mətbuat və informasiya şöbəsi, 01 may 2014-cü il.