BDU-da Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyətinə həsr olunmuş elmi seminar

23/12/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin və “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova mövzu üzrə məruzə edib.

Məruzədə Azərbaycan ədəbiyyatının inkişaf mərhələlərini özündə əks etdirən, ədəbiyyatımızın görkəmli nümayəndələrinin zəngin yaradıcılığını təbliğ və tədqiq edərək gələcək nəsillərə ötürən muzeyin yaranma, formalaşma və inkişaf dövrləri xronoloji qaydada izlənilib. Tarixi mədəniyyət abidələrimizin mühafizəsində muzeyin müstəsna rolu diqqətə çatdırılıb,  muzeydə nümayiş etdirilən unikal eksponatlar, görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinə həsr olunmuş guşələr haqqında geniş məlumat verilib. Araşdırmada Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturu öyrənilib, muzey fondlarının komplektləşdirilməsi qaydaları izah olunub, muzey ekspozisiyasında nümayiş olunan əşyaların əsas funksiyaları, eksponatlarla iş prosesi barədə nəzəri-praktiki məlumatlar iştirakçıların nəzərinə çatdırılıb: “Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bu geniş fəaliyyəti ilə yanaşı, yüksək səviyyəli elmi-tədqiqatlar aparan, elmi kadrların hazırlanmasında müstəsna rol oynayan elmi mərkəz kimi də fəaliyyət göstərir”.

Tədqiqatda həmçinin muzey fəaliyyətinə dair qanunvericilik bazası şərh edilib, sahəyə dair bir sıra hüquqi-normativ sənədlər izah olunub. Məruzəçi artıq üçüncü ildir BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasına tələbə qəbulunun həyata keçirilməsini və ardıcıl olaraq qəbul planının 100 faiz dolmasını xüsusi vurğulayıb: “Bu baxımdan hesab edirəm ki, fakültədə sahə ilə bağlı tədqiqatların aparılması prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır”.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

BDU-da “Primatların sosial strukturu: sosial beyin hipotezi” adlı elmi seminar

BDU-da “Primatların sosial strukturu: sosial beyin hipotezi” adlı elmi seminar
24/12/2025

BDU və Daşkənd Kimya Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Daşkənd Kimya Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb
24/12/2025

BDU İntellekt Liqasının final mərhələsi başa çatıb

BDU İntellekt Liqasının final mərhələsi başa çatıb
24/12/2025