BDU-da Misir Ərəb Respublikasının Ayn Şəms Universitetinin professoru ilə görüş olub
Bakı Dövlət Universitetində Misir Ərəb Respublikasının Ayn Şəms Universitetinin Ətraf Mühit Araşdırmaları İnstitutunun direktoru, Ətraf mühit elmləri fakültəsinin dekanı professor Haşem Elkassasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək BDU-nun Misir universitetləri, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əməkdaşlığından, o cümlədən ərəb dili və ədəbiyyatı üzrə kadr hazırlığından bəhs edib.
Professor Haşem Elkassas rektor, akademik Abel Məhərrəmovun dəvəti ilə BDU-da olduğunu, universitetin Quba Tədris-təcrübə və İstirahət Mərkəzində Ekologiya və torpaqşünaslıq fakültəsinin çöl-tədris təjrübəsi keçən tələbələrinə qlobal ekoloji problemlər, onları yaradan səbəblər və həlli yolları barədə mühazirələr oxuduğunu deyib, keçirilən görüşlərdən məmnun qaldığını ifadə edib.
Müzakirələr zamanı BDU ilə Misir Ərəb Respublikası Ayn Şəms Universiteti arasında ekologiya və torpaqşünaslıq sahəsində elmi-tədqiqat işlərinin daha da genişləndirilməsi məqsədilə memorandum imzalanması barədə razılıq əldə edilib.
Görüşdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi , BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı iştirak edib. Sonda xatirə hədiyyələri təqdim olunub.
Mətbuat və informasiya şöbəsi, 26 aprel 2018-ci il