BDU-da Məmməd Arazın 90 illik yubileyi qeyd olunub

16/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “İstiqlal” ordenli, Xalq şairi Məmməd Arazın 90 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Tədbirin moderatoru – BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu milli istiqlal şairlərimizdən biri kimi müasir ədəbi fikrin və milli azadlıq ideyalarının formalaşmasında Məmməd Arazın müstəsna xidmətlərdən söz açıb. Natiq bildirib ki, Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. O, mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Onun yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Ona görə də bu görkəmli şair milli azadlıq ideyalı əsərləri ilə xalqımızın xatirəsində ədəbilik zirvəsinə yüksəlib.

Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin dosenti Nazim Muradov Məmməd Araz yaradıcılığının nəinki Azərbaycan, ümumən türk xalqları ədəbiyyatının mühüm ədəbi-mədəni hadisəsi olduğunu diqqətə çatdırıb, ədibin “Dünya sənin, dünya mənim...” şeirinin dillər əzbərinə çevrilməsini şairin poeziyasının bənzərsiz özəlliklərə malik olması ilə əlaqələndirib. Həmçinin qeyd olunub ki, torpağa bağlılıq, vətəndaşlıq, vətənpərvərlik mövzularına müraciət edən şairin bir çox şeirləri bu gün də öz aktuallığını qoruyub saxlayır.

Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov çağdaş ədəbiyyatımızın görkəmli siması M.Araz yaradıcılığına və şəxsiyyətinə Ümumilli Liderimiz Heydər Əliyevin verdiyi yüksək qiymətdən söz açıb, şairin milli azadlıq ideyalarının bundan sonra da müasir gəncliyə aşılanmasının zəruriliyini vurğulayıb. Bildirib ki, uzun illər azadlıq həsrəti ilə yanan, suverenliyimizin, ərazi bütövlüyümüzün kobud şəkildə pozulduğu illərdə öz xalqı ilə göz yaşı tökən böyük sənətkarın ruhu şaddır. Çünki bu gün Azərbaycan Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında “Məmməd Arazın dünyasındakı Azərbaycan”a  qovuşub, regionun güclü, lider dövlətinə çevrilib.

Tədbirdə şairin əsərlərindən ibarət kitab sərgisi təşkil edilib, Məmməd Arazın ömür yolu ilə bağlı film nümayiş olunub. Filologiya fakültəsinin tələbələri – Səbinə Sadıqzadə, Nəzrin Aslanlı və Aysu Türkel şairin şeirlərini səsləndiriblər.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024