BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Azərbaycanın dövlət müstəqilliyinin bərpasını çoxəsrlik dövlətçilik tariximizin mühüm mərhələsi kimi səciyyələndirib. O, bu tarixi nailiyyətin xalqımızın azadlıq iradəsinin, milli birliyinin və öz müqəddəratını təyin etmək əzminin bəhrəsi olduğunu vurğulayıb. Dekan müstəqilliyin qorunub saxlanılması, dövlətçilik ənənələrinin yaşadılması və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirilməsinin vacibliyinə diqqət çəkib: ”Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin xalqımız həmin ağır günlərdə qətiyyət və möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə isə müstəqilliyimiz daha da gücləndi, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu”.
Daha sonra Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov, Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev və Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova çıxış ediblər. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran tarixi-siyasi proseslər, xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizə, milli dövlətçilik ideyalarının formalaşması və inkişafı məsələlərinə toxunulub. Qeyd edilib ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi Azərbaycanın dövlət müstəqilliyinin hüquqi əsasını təşkil etməklə xalqımızın azadlıq arzusunun gerçəkləşməsində mühüm rol oynayıb.
Tədbirdə müstəqillik dövründə Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə qazandığı nailiyyətlərdən, dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Müstəqilliyin milli yaddaşın qorunması, dövlətçilik şüurunun gücləndirilməsi və gənclərin ölkənin tarixinə daha dərindən bələd olması baxımından əhəmiyyəti vurğulanıb.
Tədbir bədii hissə ilə davam edib. Sonda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.








