BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatı və Heydər Əliyev muzeyinin birgə təşəbbüsü ilə keçirilən “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov olub.
Görüşdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, layihə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin gənc nəslə aşılanmasına, tələbələrdə dövlətçilik təfəkkürünün və vətənpərvərlik hissinin gücləndirilməsinə xidmət edir. Ramin Səmədov belə görüşlərin gənclərin dünyagörüşünün formalaşmasında, onların tarixi və siyasi proseslərə dair biliklərinin genişlənməsində mühüm rol oynadığını vurğulayıb.
Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov məruzəsində Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirilən genişmiqyaslı siyasi-iqtisadi islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ordu quruculuğu və sosial rifahın yüksəldilməsindən bəhs edib. Deputat qeyd edib ki, ölkəyə investisiyaların cəlb olunması və dayanıqlı iqtisadi inkişaf üçün siyasi sabitlik mühüm şərtdir. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi əbədi, dönməz xarakter alıb, iqtisadi potensialı gücləndirilib və strateji hədəflərə nail olmaq üçün möhkəm zəmin yaradılıb.
Göydəniz Qəhrəmanov Ümummilli Liderin əsasını qoyduğu və hazırda uğurla davam etdirilən gənclər siyasətinə də toxunub. O, gənclərin elm, təhsil, idarəçilik və ictimai fəaliyyət sahələrində aktiv iştirakı üçün geniş imkanların açıldığını diqqətə çatdırıb.
BDU-nun Heydər Əliyev muzeyinin direktoru Afət Seyidzadə isə çıxışında Ulu Öndərin çoxşaxəli irsinin gənclər üçün əsl örnək olduğunu bildirib və layihənin tələbələrin intellektual inkişafına böyük töhfə verdiyini qeyd edib.
Görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.








