BDU-da Məzun günü keçirilib
Bakı Dövlət Universitetində Məzun günü keçirilib. Əvvəlcə beynəlxalq tələbə himni - “Qaudames” səsləndirilib və məzunlar “Universitetim” şeirini oxuyublar.
Valideynə təşəkkür məktubu oxunduqdan sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə məzunları təbrik edib. Rektor Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməsindən, hərbi, mədəniyyət, idman, iqtisadiyyat və digər sahələrdə qazanılan uğurlardan danışıb. Elm və təhsil istiqamətində həyata keçirilən layihələrdən bəhs edən rektor Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncamını xatırladıb, yubileyin YUNESKO, İSESKO və bir çox beynəlxalq təşkilatlar və qurumlar tərəfindən qeyd ediləcəyini söyləyib. Universitetin indiyədək 150 min nəfərə yaxın məzunu olduğunu, ümummilli lider Heydər Əliyevin də BDU-nun dünya şöhrətli məzunu olduğunu xüsusi vurğulayıb.
Rektor təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU tələbələrinin sayının 22 mindən çox olduğunu bildirib. Qeyd edib ki, bu il universitetin 17 fakültəsini bitirən 5000-dək məzundan fərqlənmə diplomuna layiq görülənlərin sayı 400 nəfərdən artıqdır və hər il olduğu kimi bu il də magistratura imtahanlarında BDU məzunları respublikada ən yüksək göstəricilərə malik olublar.
Məzunlar universitetdə keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, bu ali təhsil ocağının adını daim uca tutacaqlarını söyləyiblər.
Sonda rektor və tələbələr üzərinə “Məzun-2018” yazılmış şarı havaya buraxıblar.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.
BDU-nun Mətbuat və informasiya şöbəsi, 29 iyun 2018-ci il.