BDU-da “Pakistan otağı” açılıb
Bakı Dövlət Universiteti (BDU) və Pakistanın İslamabad Fond Universitetinin birgə təşkilatçılığı ilə Şərqşünaslıq fakültəsində “Pakistan otağı”nın açılışı keçirilib.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edib ki, bu əlaqələrin daha da dərinləşməsində elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq da böyük rol oynayır. BDU-nun beynəlxalq əlaqələrində Pakistanın ali təhsil və tədqiqat müəssisələri ilə əməkdaşlıq önəmli yer tutur. BDU-nun Şərqşünaslıq fakültəsində 2001-i ildən Urdu dili şöbəsi fəaliyyətə başlayıb. Hazırda Orta Şərq dilləri və ədəbiyyatı kafedrasında urdu dili, urdu ədəbiyyatı istiqaməti üzrə tədris aparılır. BDU və İslamabad Fond Universiteti arasında əməkdaşlıq memorandumu uğurla davam edir və elmi və mədəni əlaqələr daha da möhkəmləndirilir. Rektor “Pakistan otağı”nın açılışının da iki dost ölkə arasında əlaqələrin inkişafına, urdu dilinin tədrisinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin çıxışında Azərbaycan və Pakistan arasında münasibətlərin tarixi köklərə, qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslandığını vurğulayıb. O, xüsusilə ali təhsil müəssisələri arasında qurulan əməkdaşlığın xalqlarımızın bir-birini daha yaxından tanımasında mühüm rol oynadığını qeyd edib. Səfir BDU-da urdu dilinin tədrisini və “Pakistan otağı”nın yaradılmasını mədəni və akademik mübadilənin institusional təzahürü kimi dəyərləndirərək, Pakistan tərəfinin bu cür təşəbbüsləri daim dəstəklədiyini bildirib.
Pakistanın İslamabad Fond Universitetinin rektoru Məhəmməd Kalem Asif çıxışında BDU ilə qurulan əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib. O, iki universitet arasında birgə elmi tədqiqatların aparılması, akademik mübadilə proqramlarının həyata keçirilməsi, ortaq layihə və tədbirlərin təşkili üçün geniş imkanların mövcud olduğunu qeyd edib. Rektor “Pakistan otağı”nın açılışını əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirərək, bu təşəbbüsün gələcəkdə birgə layihələrin və mədəni-elmi əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra Şərqşünaslıq fakültəsinin tələbələrinin Azərbaycan-Pakistan əlaqələrinə dair hazırladıqları videoçarx nümayiş olunub. “Regionşünaslıq” (Pakistan üzrə) ixtisası üzrə təhsil alan tələbələr urdu dilində şeirlər səsləndiriblər.














