BDU-da müharibə veteranı, polkovnik İlkin Məhərrəmovla görüş
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 8 noyabr - Zəfər Günü münasibətilə I və II Qarabağ müharibələrinin veteranı, polkovnik İlkin Məhərrəmovla görüş keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib. Polkovnik İlkin Məhərrəmovun döyüş yolunu əks etdirən fotoşəkillər və videoçarx nümayiş etdirilib.
Universitetin “Zəfər tarixi” lektoriyasında keçirilən tədbirin moderatoru – İnformasiya və sənəd menecmenti fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Daşqın Məhəmmədli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin şücaəti sayəsində qazandığımız parlaq qələbədən, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından danışıb. Tədbirə dəvət olunmuş polkovnik İlkin Məhərrəmovun döyüş yolu haqqında iştirakçılara geniş məlumat verib.
Birinci Qarabağ müharibəsində əsgər, Vətən müharibəsinin ilk günlərindən yüksək rütbəli zabit kimi döyüş yolu keçən polkovnik İlkin Məhərrəmov işğalçı qüvvələrə qarşı aparılan hərbi əməliyyatlarda müharibənin sonuna qədər iştirak etdiyini bildirib, döyüş təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb. O, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin mahir sərkərdəliyi, xalqımızın birliyi, şəhid və qazilərin qanı və canı hesabına Vətən torpaqlarının düşmən işğalından azad edilməsinin çoxəsrlik tariximizin parlaq səhifəsi olduğunu vurğulayıb. Müzəffər Ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində Azərbaycan bayrağının 30 ildən artıq işğalda qalmış ərazilərimizdə dalğalandırılmasının hər birimizdə sonsuz qürur hissi yaratdığını bildirib: “Mənim üçün çox qürurvericidir ki, Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetində keçirilən görüşə Zəfər qazanmış ordunun zabiti kimi gəlmişəm”.
Birinci Qarabağ müharibəsinin veteranı, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov, Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov, Sənəd menecmenti kafedrasının müəlimi Əliyusif Məmmədov, Kitabxanaşünaslıq kafedrasının müəllimi Hicran Zeynalova çıxışlarında Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən bəhs edib, bu cür görüşlərin tələbələrdə vətənpərvərlik hisslərinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıblar.


